Millət vəkili Azər Allahveranov: "QHT-lərə ayrılan vəsait artırılmalıdır"
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət vəkili Azər Allahveranov, Milli Məclisin 26 noyabr 2024-cü il tarixli plenar iclasında çıxış edərək 2025-ci il dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini bölüşüb. Millət vəkili büdcə layihəsini müasir dövrün çağırışlarına adekvat və mükəmməl sənəd kimi qiymətləndirərək, bir sıra təkliflər irəli sürüb.
QHT.az xəbər verir ki, Azər Allahveranov çıxışında, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ayrılan vəsaitin artırılmasının zəruriliyini vurğulayıb.
"2025-ci il dövlət büdcəsi layihəsi ilə yaxından tanış olmuşam və üzvü olduğum komitənin iclasında bir sıra təkliflərimi səsləndirmişəm. Qeyd etmək istəyirəm ki, kifayət qədər mükəmməl və müasir dövrün çağırışlarına adekvat cavab verən, bütün parametrlər üzrə yaxşı hazırlanmış bir sənəd təqdim edilib.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarını, xüsusilə qeyri-hökumət təşkilatları sektorunu təmsil edən bir şəxs olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ayrılan vəsaitin məbləğinin bir qədər artırılması ilə bağlı təklifimi irəli sürmək istəyirəm. Komitə iclasında bunu qeyd etdim: 8,5% artım nəzərdə tutulub. Digər maddələrdə olduğu kimi, burada da müxtəlif faiz nisbətləri var. Amma Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yeganə milli donor kimi çıxış edir və il ərzində 500-dən çox layihənin həyata keçirilməsinə nail olur.
Doğrudur, digər mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsində də QHT-lərin dəstəklənməsi ilə bağlı müəyyən müddəalar var. Lakin onların fəaliyyət spektri daha spesifikdir və ən çoxu 15, 20 və ya 30 layihəni əhatə edə bilir. Amma yeganə milli donor kimi məhz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi çıxış edir və xüsusilə 2025-ci ildə bizim milli qeyri-hökumət təşkilatları bir sıra platformalarda çox effektiv şəkildə təmsil olunacaqlar.
Artıq istər COP29 formatında, istərsə də digər fəaliyyət istiqamətlərində qeyri-hökumət təşkilatlarımız kifayət qədər geniş platformaların yaradılmasına nail olublar. Düşünürəm ki, bu, troyka, Xəzər dənizi hövzəsinə daxil olan ölkələr və ya Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının əməkdaşlıq spektri kimi strateji sahələrdə özünü göstərir. Bu sahələrə daha çox vəsaitin cəlb olunmasının vacibliyini vurğulamaq istərdim".
Pərvanə Fərhadqızı