Layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə final turniri keçirilib - FOTOLAR
“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə final turniri keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin final mərhələsi Quba rayonunun Birinci Nügədi kəndində təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən şəhid ailəsinin üzvləri - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsi şəhidi Ürfan Məmmədovun bacısı Maisə Salahova, “Fizulinin azad olunmasına görə” medalı və “3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunmuş, 2023-cü ilin sentyabr ayında baş verən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Emral Həsənovun qardaşı Rəcəb Həsənov, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı Ağadadaş Dadaşov belə tədbirlərin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək bu qəbildən olan layihələrin davamlı icra edilməsinin vacib olduğunu vurğulayıblar.
Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə seçim turlarının qalib və mükafatçıları olan 18 komanda - Quba rayonunun Kələnov kəndini təmsil edən “İstiqlal”, Aspərəsti kəndinin “Zirvə”, İsnov kəndinin “Uğur”, Çiçi kəndinin “Mübarizlər”, Talabıqışlaq kəndinin “Dəmir yumruq”, Mirzəqişlaq kəndinin “Turan”, İkinci Nügədi kəndinin “İnvektus”, Səbətlər kəndinin “Assansins Creed”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, Dağlı kəndinin “Ekipaj”, Alpan kəndinin “Zirvə”, Aşağı Xuc kəndinin “Mübarizlər”, Əlibəyqışlaq kəndinin “Zəfər”, Susayqışlaq kəndinin “Turan”, Yenikənd kəndinin “Everest”, Aşağı Tüləkəran kəndinin “Zəfər” və Möhüc kəndinin “Qarabağ” komandaları mübarizə aparıb.
36 sualdan ibarət sistem üzrə keçirilən turnirdə qalib adını İkinci Nügədi kəndini təmsil edən “İnvektus” komandası qazanıb. Aşağı Xuc kəndini təmsil edən “Mübarizlər” və Səbətlər kəndini təmsil edən “Assansins Creed” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində bü günədək keçirilən tədbirlərdə ümumilikdə Quba rayonunun 44 kənd və qəsəbəsində yaşayan və təhsil alan 334 nəfər yeniyetmə və gənc iştirak edib.