“Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsi çərçivəsində növbəti psixoloji təlim keçirilib - FOTOLAR
“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” adlı sosial layihənin icrasını uğurla davam etdirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində 16 iyun 2025-ci il tarixində şəhid və qazi xanımlarının iştirakı ilə “Travma və Onun Təsirləri” mövzusunda psixoloji maarifləndirmə və dəstək təlimi keçirilib.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, onların cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsi və emosional yüklənmələrin azaldılmasına dəstək göstərilməsi olduğunu vurğulayıb. O, bu istiqamətdə göstərilən psixoloji dəstəyin davamlı və sistemli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.
Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılara:
• travmanın psixoloji təsir mexanizmləri,
• travma sonrası stress pozuntusu (TSSP),
• emosional reaksiya formaları və təhlükəsizlik zonaları,
• nəfəs və bədənlə tənzimləmə texnikaları
üzrə nəzəri bilgilər və praktiki psixoloji alətlər təqdim olunub. Təlim interaktiv formatda keçib, iştirakçılarla qrup müzakirələri və fərdi paylaşım imkanları yaradılıb. İştirakçılar təlimin həm informativ, həm də emosional baxımdan çox dəyərli olduğunu bildirib, təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.