Apple satın almadan əvvəl Siri-ni yaradan Dag Kittlaus və Adam Cheyer hələ də ilkin “işləm mühərriki” vizyonlarının reallaşmasını gözləyirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Kittlaus, Cheyer və Tom Gruber 2007-ci ildə Siri adlı startap yaradıblar. Onlar Siri-ni istifadəçilərin yalnız internetdə məlumat axtarmasına deyil, gündəlik işlərini yerinə yetirməsinə kömək edən “işləm mühərriki” kimi təsəvvür ediblər. Cheyer bunu belə izah edib: “Bir web səhifəsi tapmaq istəyirsinizsə, Google kimi axtarış sisteminə gedin. Bir işi həll etmək istəyirsinizsə, Siri kimi “işləm mühərrikinə” gedin”.
Apple yeni iOS 27 ilə bu vizyonu reallaşdırmağa daha yaxınlaşmağı hədəfləyir. Şirkət yeni Siri-nin süni intellekt dövrünə uyğun yenidən hazırlandığını açıqlayıb. Yeni Siri iPhone ekranındakı məzmunu analiz edə, tətbiqlərdə əməliyyatlar həyata keçirə və təqvim, mesajlar və digər tətbiqlərdən əldə etdiyi məlumatları cavablarında istifadə edə biləcək.
Apple bu xüsusiyyətlərin Siri-yə OpenAI-nin ChatGPT-si və Google-un Gemini-si kimi rəqiblər qarşısında üstünlük verəcəyinə ümid edir. Böyük texnologiya şirkətləri on ildən artıqdır ki, istifadəçilərin müxtəlif tapşırıqlarını yerinə yetirə bilən süni intellekt köməkçisi yaratmağa çalışırlar. Bunun üçün köməkçilərin insan nitqini düzgün anlaması, gündəlik istifadə olunan tətbiqlərlə problemsiz işləməsi və məxfiliyi qoruması tələb olunur.
Siri-nin yaradıcılarından Kittlaus Apple-ın süni intellekt sahəsində geridə qalması ilə bağlı tənqidlərə də münasibət bildirib. O, şirkətin əsas diqqətini növbəti məhsul təqdimatlarına yönəltdiyini və süni intellektdə baş verən dəyişiklikləri əvvəlcə tam dərk etməmiş ola biləcəyini deyib: “Bence bu, Apple-ın ümumi iş prinsipinin nəticəsidir. Onlar növbəti məhsul təqdimatlarına son dərəcə fokuslanıblar”.
Kittlaus və Cheyer hesab edirlər ki, Apple Siri-ni onların ilkin “işləm mühərriki” vizyonuna yaxınlaşdırmaq üçün əlverişli mövqedədir. Siri-nin istifadəçinin Apple cihazlarındakı məlumatlardan yararlanaraq şəxsi suallara cavab verməsi şirkəti rəqiblərindən fərqləndirə bilər.
CNN yeni Siri-nin beta versiyasını sınaqdan keçirib. Sınaq zamanı Siri Mesajlar tətbiqindəki təsdiq mesajından istifadə edərək yaxınlaşan diş həkimi qəbulunu müəyyən edib. Həmçinin mesaj vasitəsilə tövsiyə olunan musiqi qrupu haqqında əlavə məlumat tapıb və Instagram-dakı kələm salatı reseptini Siri tətbiqinə göndərərək sonradan yenidən baxmaq üçün saxlayıb.
Google da Android əməliyyat sistemi, Gmail və Google Maps kimi geniş istifadə olunan xidmətlərə sahib olduğu üçün oxşar üstünlüyə malikdir.
Apple isə məxfiliyə xüsusi diqqət yetirməsinin istifadəçilərin Siri-yə daha çox etibar etməsinə səbəb olacağını düşünür. Cihazda emal edilə bilməyəcək qədər mürəkkəb süni intellekt tapşırıqları üçün “Private Cloud Compute” sistemindən istifadə olunur. Bu zaman yalnız konkret tapşırıq üçün lazım olan məlumatlar Apple serverlərinə göndərilir. Apple bəzi süni intellekt funksiyalarında Gemini-dən istifadə etdiyi üçün bu sistemi Google Cloud-a da genişləndirib.
Kittlaus bildirib ki, böyük tətbiq şirkətləri istifadəçilərin onların xidmətləri ilə qarşılıqlı əlaqə formasının Apple tərəfindən dəyişdirilməsini istəməyə bilər. O, bunu Apple-ın müxtəlif tətbiq funksiyalarını əməliyyat sistemlərinə inteqrasiya etməsi ilə bağlı mövcud çətinliklərdən biri kimi qiymətləndirib.
Apple ötən həftə keçirilən iPhone təqdimatında yeni Siri-nin artıq 300 mindən çox tətbiqlə işlədiyini açıqlayıb. Bununla belə, bu rəqəm App Store-da mövcud tətbiqlərin yalnız kiçik hissəsini təşkil edir.
Kittlaus həmçinin bildirib ki, Stiv Cobsun ölümündən sonra Apple-dan ayrılıb. Onun sözlərinə görə, Cobsla bölüşdüyü vizyonun şirkət rəhbərliyi tərəfindən tam başa düşülmədiyindən narahat olub.
Kittlaus Siri-nin ilkin məqsədinin dəyişmədiyini vurğulayıb: “Bu vizyon zərrə qədər dəyişməyib. Amma hələ heç kim bunu reallaşdıra bilməyib”.
Zəhra Mansırova












