TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydalar 1 sentyabr 2026-cı ildən qüvvəyə minib. İslahat ümumilikdə 72 212 tibb işçisini əhatə edir, əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsait ayrılıb. Açıqlanan məlumata görə, yeni sistem çərçivəsində əməkhaqqı artımı bəzi kateqoriyalar üzrə 135 faizə qədər çata bilər.
Mövzu ilə bağlı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlama verib.
Tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirən Vüsalə Hüseynli qeyd edib ki:
Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı həyata keçirilən təşəbbüsü yüksək qiymətləndirirəm. Xüsusilə sizin saytınız vasitəsilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Mediaya yayılan məlumatlara əsasən, sözügedən təşəbbüsün məhz Birinci vitse-prezident tərəfindən irəli sürüldüyü bildirilir.
Təşəbbüsün irəli sürülməsinin səbəblərindən danışan Vüsalə Hüseynli bildirib ki:
Bu təşəbbüsün irəli sürülməsi təsadüfi deyil. Mehriban Əliyeva tibb sahəsi ilə bağlılığı olan bir şəxsdir. Eyni zamanda, onun qayınanası, görkəmli oftalmoloq və tanınmış tibb mütəxəssisi Zərifə Əliyeva da Azərbaycan səhiyyəsində mühüm xidmətləri ilə seçilib. Bu baxımdan, Mehriban Əliyevanın tibb işçilərinin üzləşdiyi çətinlikləri və onların peşə fəaliyyətində qarşılaşdıqları problemləri yaxından anlaması və bu məsələyə xüsusi diqqət göstərməsi təbiidir.
Əməkhaqqı artımının səhiyyə kadrlarının qorunması baxımından əhəmiyyətinə toxunan V.Hüseynlinin sözlərinə görə:
Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə kadrlarının qorunması və səhiyyə sistemində həyata keçirilən islahatların davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həkimlər, xüsusilə ambulator xidmət sahəsində çalışan tibb işçiləri uzun illər, bəzən 20-25 il ərzində öz peşə fəaliyyətlərinə böyük əmək sərf edir, insanların sağlamlığının qorunmasına və tibbi xidmətlə təmin olunmasına xidmət göstərirlər.
Tibb işçilərinin pensiya təminatı ilə bağlı problemlərə diqqət çəkən müsahibimiz vurğulayıb ki:
Bununla belə, uzun illər səhiyyə sistemində çalışan bəzi tibb işçilərinin əmək pensiyasına çıxdıqdan sonra 300-350, bəzi hallarda isə 400 manat civarında pensiya alması onların sosial təminatı baxımından ciddi problem olaraq qalırdı. Bu baxımdan, əməkhaqlarının artırılması ilə bağlı yeni qərar müsbət və mühüm addım kimi qiymətləndirilməlidir.
Yeni rəhbərliyin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışan Vüsalə Hüseynli qeyd edib ki:
Yeni rəhbərliyin tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər səhiyyə kadrlarının sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların ölkə daxilində fəaliyyətinin davam etdirilməsinə və kadr potensialının qorunmasına da müsbət təsir göstərə bilər. Son illərdə maddi amillərlə əlaqədar xarici ölkələrdə işləməyə üstünlük verən tibb işçilərinin sayının artması bu məsələnin aktuallığını daha da artırır.
Regionlarda həkim potensialının gücləndirilməsi ilə bağlı təkliflərini bölüşən V.Hüseynli bildirib ki:
Növbəti mərhələdə regionlarda həkim potensialının gücləndirilməsi və tibbi kadrların bölgələrdə fəaliyyətinin stimullaşdırılması üçün əlavə təşviq mexanizmlərinin tətbiqi də məqsədəuyğun olardı. Xüsusilə gənc həkimlərin regionlarda, o cümlədən Qarabağ ərazisində fəaliyyət göstərməsinə şərait yaradılması baxımından daha yüksək əməkhaqqı, regional əlavələr və digər stimullaşdırıcı mexanizmlər mühüm rol oynaya bilər.
Tibb işçilərinin əməkhaqqının artırılmasının ümumi əhəmiyyətini vurğulayan Vüsalə Hüseynli fikirlərini belə yekunlaşdırıb:
Ümumilikdə, tibb işçilərinin əməkhaqlarının artırılması həm sosial ədalət, həm səhiyyə kadrlarının qorunması, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm addımdır. Dünyada iqtisadi çətinliklərin davam etdiyi bir dövrdə səhiyyə işçilərinin əməyinin daha yüksək qiymətləndirilməsi dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilməlidir.
Fatimə Nəbiyeva












