TƏBİB regionlarda çalışan həkimlərin stimullaşdırılması və bölgələrdə tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə yeni əlavə ödəniş mexanizmi tətbiq edir. Mexanizmə əsasən, hədəf ixtisaslarda çalışan həkimlərə işin nəticəsinə görə verilən əlavələrə 30 faizədək regional əmsal tətbiq olunacaq. Bu yanaşma xüsusilə cərrahi tibbi xidmətlər, fizioterapiya və reabilitasiya, anestezioloji xidmətlər və invaziv radiologiya sahələrini əhatə edir.
Mövzu ilə bağlı “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova QHT.az-a açıqlama verib.
F.İskəndərovanın sözlərinə görə, regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması yalnız əlavə ödəniş məsələsi deyil: Əslində burada söhbət təkcə həkimə əlavə pul verilməsindən getmir. Söhbət ondan gedir ki, həkim üçün regionda işləmək ‘məcburiyyət’ yox, seçimə çevrilsin. 30 faizlik regional əmsal bu seçimi stimullaşdıran real addımdır.
Firuzə İskəndərova bildirib ki, əsas nəticə vətəndaşların tibbi xidmətə çıxışında özünü göstərməlidir: Amma məncə, ən vacib nəticə maaşda yox, pasiyentin yolunda görünməlidir. Əgər bu mexanizm nəticəsində regiondakı vətəndaş mürəkkəb müalicə üçün hər dəfə Bakıya gəlmək məcburiyyətində qalmayacaqsa, deməli, islahat öz məqsədinə çatıb.
Sədr vurğulayıb ki, islahatın effektivliyi əlavə ödəniş alan həkimlərin sayı ilə deyil, göstərilən tibbi xidmətin nəticələri ilə ölçülməlidir: Yəni uğurun göstəricisi neçə həkimin əlavə ödəniş alması deyil, neçə pasiyentin artıq öz rayonunda keyfiyyətli tibbi xidmət almasıdır.
Fatimə Nəbiyeva












