"İllərdir tibb işçilərinin əməkhaqlarının artırılması məsələsi müzakirə olunur və bu istiqamətdə müxtəlif təkliflər səsləndirilirdi. Yeni qərar tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm və müsbət addım kimi qiymətləndirilir".
Bu sözləri “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə QHT.az-a açıqlamasında bildirib.
İradə Rzazadənin sözlərinə görə, əməkhaqlarının artırılması tibb işçilərinin sosial təminatının gücləndirilməsi ilə yanaşı, onların peşələrinə və fəaliyyətlərinə daha məsuliyyətli yanaşmasına da müsbət təsir göstərəcək.
İradə Rzazadə bildirib ki, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün maddi stimulların artırılması mühüm əhəmiyyət daşıyır:
Xüsusilə regionlarda həkim çatışmazlığı ciddi problemlərdən biri olaraq qalır. Bölgələrdə aparılan müşahidələr zamanı bəzi hallarda həkimlərin ixtisaslarına uyğun olmayan xəstələrə, o cümlədən uşaqlara tibbi yardım göstərməyə məcbur qaldıqları məlum olub. Bu hal regionlarda ixtisaslı tibbi kadrlara olan ehtiyacın yüksək olduğunu göstərir.
Sədr vurğulayıb ki, əməkhaqlarının artırılması gənc tibb kadrlarının regionlarda çalışmağa marağını yüksəldə bilər:
Əməkhaqlarının artırılması ali təhsil müəssisələrini yeni bitirən gənc tibb kadrlarının regionlarda çalışmağa marağının artırılması baxımından da əhəmiyyətlidir. Maddi stimulların gücləndirilməsi gənc həkimlərin bölgələrə cəlb olunmasına və nəticə etibarilə əhalinin tibbi xidmətlərə əlçatanlığının yüksəldilməsinə şərait yarada bilər.
İ.Rzazadənin sözlərinə görə, digər tibb personalının əməkhaqlarının artırılması da müsbət addımdır:
Bununla yanaşı, yalnız həkimlərin deyil, tibb müəssisələrində çalışan digər tibb personalının əməkhaqlarının artırılması da müsbət addım hesab olunur. Tibb işçilərinin sosial təminatının gücləndirilməsi onların peşə fəaliyyətinə münasibətinə müsbət təsir göstərməklə yanaşı, cəmiyyətdə tibb sahəsi ilə bağlı mövcud olan bəzi mənfi fikirlərin aradan qalxmasına da töhfə verə bilər.
İradə Rzazadə qeyd edib ki, tibb işçilərinin əməkhaqlarının artırılması tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə də töhfə verə bilər:
Ümumilikdə, tibb işçilərinin əməkhaqlarının artırılması həm onların sosial rifahının yaxşılaşdırılması, həm də ölkədə tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir. Tibb və təhsil cəmiyyətin inkişafı üçün mühüm sahələr olduğundan, bu istiqamətlərdə həyata keçirilən müsbət islahatlar əhalinin sosial rifahına da birbaşa təsir göstərir.
Fatimə Nəbiyeva












