TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydalar 1 sentyabr 2026-cı ildən qüvvəyə minib. İslahat ümumilikdə 72 212 tibb işçisini əhatə edir, əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsait ayrılıb. Açıqlanan məlumata görə, yeni sistem çərçivəsində əməkhaqqı artımı bəzi kateqoriyalar üzrə 135 faizə qədər çata bilər.
Mövzu ilə bağlı "Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlama verib.
A.Kərimovun sözlərinə görə, yeni dəyişikliklər vətəndaşların, xüsusilə də tibbi xidmətlərdən istifadə edən insanların xidmətə çıxışına böyük üstünlük verəcək: Vətəndaşların, xüsusilə də tibbi xidmətlərdən istifadə edən insanların xidmətə çıxışına böyük üstünlük verəcək. Çünki bu dəyişiklikdən sonra həkimlər bəzi reseptlərin yazılmasından və müəyyən müayinələrin təyin edilməsindən sui-istifadə məqsədilə yayınmağa məcbur olacaqlar. Hazırda bəzi həkimlərin apteklərlə və digər tibb müəssisələri ilə əlaqələrindən istifadə etdikləri hallar var. Yeni sistem bu kimi halların qarşısını almağa imkan verəcək. Nəticədə vətəndaşlar da daha rahat nəfəs ala biləcəklər.
Akif Kərimov bildirib ki, yeni sistem tibb sahəsində də böyük üstünlüklər yaradacaq: Tibb sahəsində də böyük üstünlüklər olacaq. Mən həmişə demişəm ki, diaqnoz qoyulmadan xəstəyə dərman və müalicə təyin etmək olmaz.
Sədr vurğulayıb ki, müasir tibbi texnologiyalar bir çox xəstəliklərin diaqnostikasını asanlaşdırır: Bu gün müasir tibbi texnologiyalar mövcuddur və bir çox xəstəliklərin diaqnostikasını daha asan həyata keçirmək mümkündür. Əvvəllər özəl və digər klinikalarda MRT, exokardioqrafiya, kolonoskopiya və digər müayinələr üçün vətəndaşlardan yüksək məbləğlər tələb olunurdu.
A.Kərimov qeyd edib ki, müasir texnologiyaların tətbiqi və tibb işçilərinin əməkhaqlarının artırılması xidmətlərin daha əlçatan və şəffaf olmasına imkan verə bilər: İndi isə müasir texnologiyaların tətbiqi və tibb işçilərinin əməkhaqlarının artırılması ilə bu sahədə vəziyyətin daha da yaxşılaşacağına, vətəndaşların əlavə ödənişlərlə üzləşməyəcəyinə və tibbi xidmətlərin daha şəffaf şəkildə həyata keçiriləcəyinə ümid edirik.
Fatimə Nəbiyeva












