TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydalar 1 sentyabr 2026-cı ildən qüvvəyə minib. İslahat ümumilikdə 72 212 tibb işçisini əhatə edir, əməkhaqqı fonduna əlavə 189 milyon manat vəsait ayrılıb. Açıqlanan məlumata görə, yeni sistem çərçivəsində əməkhaqqı artımı bəzi kateqoriyalar üzrə 135 faizə qədər çata bilər.

Mövzu ilə bağlı Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlama verib.

Səbinə Kərimovanın sözlərinə görə, TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydaların tətbiqi ilk növbədə tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm və müsbət addımdır. O qeyd edib ki, bu yanaşma həm sosial ədalət, həm də səhiyyə sisteminin dayanıqlı inkişafı baxımından əhəmiyyətlidir:

TƏBİB sistemində tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qaydaların tətbiqini, ilk növbədə, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm və müsbət addım kimi qiymətləndirirəm. Tibb işçiləri insanların həyat və sağlamlığının qorunmasında böyük məsuliyyət daşıyırlar və onların əməyinin layiqincə qiymətləndirilməsi həm sosial ədalət, həm də səhiyyə sisteminin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səbinə Kərimova bildirib ki, əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahına və peşə fəaliyyətinə motivasiyasına müsbət təsir göstərə bilər. O vurğulayıb ki, əməyinin qiymətləndirildiyini hiss edən tibb işçisinin xidmət keyfiyyətinə yanaşması da dəyişir:

Əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşmasına, onların peşələrinə daha motivasiyalı yanaşmasına və öz fəaliyyətlərini daha yüksək məsuliyyətlə davam etdirmələrinə müsbət təsir göstərə bilər. Sosial təminatı və əməkhaqqı yaxşılaşan tibb işçisi öz əməyinin qiymətləndirildiyini daha çox hiss edir və bu da xidmət keyfiyyətinə təsirsiz qalmır.

S.Kərimovanın sözlərinə görə, əməkhaqqı artımı xəstə-vətəndaş münasibətlərində mövcud olan bəzi problemlərin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. O bildirib ki, tibbi müəssisələrdə vətəndaşların qarşılaşdığı süründürməçilik və laqeyd münasibət kimi halların qarşısının alınması vacibdir:

Eyni zamanda, düşünürəm ki, bu islahat xəstə-vətəndaş münasibətlərində mövcud olan bəzi problemlərin də aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Təəssüf ki, bəzi hallarda vətəndaşların tibbi müəssisələrdə müxtəlif prosedurlar zamanı süründürməçiliklə qarşılaşması, lazımi məlumatı vaxtında ala bilməməsi, müraciətlərinə laqeyd münasibət göstərilməsi kimi hallar müşahidə olunur.

Sədr vurğulayıb ki, sözügedən problemlər bütün tibb işçilərinə aid edilə bilməz. Onun sözlərinə görə, səhiyyə sistemində öz işinə böyük məsuliyyət və vicdanla yanaşan çoxsaylı fədakar həkim və tibb işçiləri fəaliyyət göstərir:

Əlbəttə, bu, bütün tibb işçilərinə aid edilə bilməz. Çünki öz işinə böyük məsuliyyət və vicdanla yanaşan, gecə-gündüz insanların sağlamlığı üçün çalışan çox sayda fədakar həkim və tibb işçisi var.

Səbinə Kərimova qeyd edib ki, əməkhaqqının artırılması ilə yanaşı, tibb işçilərinin fəaliyyətində məsuliyyət və xidmət keyfiyyəti məsələləri də diqqətdə saxlanılmalıdır. O hesab edir ki, sosial təminatın gücləndirilməsi ilə vətəndaşa göstərilən xidmət arasında qarşılıqlı məsuliyyət prinsipi olmalıdır:

Lakin əməkhaqqının artırılması ilə yanaşı, tibb işçilərinin fəaliyyətində məsuliyyət, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyəti məsələlərinə də daha ciddi yanaşılması vacibdir. Hesab edirəm ki, tibb işçisinin sosial təminatının gücləndirilməsi ilə onun göstərdiyi xidmətin keyfiyyəti arasında qarşılıqlı məsuliyyət prinsipi olmalıdır. Yəni əməkhaqqı artımı ilə paralel olaraq xəstələrə diqqətli və həssas münasibət, müraciətlərə operativ baxılması, süni süründürməçiliyin qarşısının alınması və xidmət mədəniyyətinin yüksəldilməsi də prioritet olmalıdır.

S.Kərimovanın sözlərinə görə, yeni yanaşma həmçinin ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına və gənclərin tibb peşəsinə marağının artırılmasına şərait yarada bilər. O bildirib ki, bunun nəticəsində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün daha sağlam mühit formalaşa bilər:

Bu addım eyni zamanda ixtisaslı kadrların səhiyyə sistemində qorunub saxlanılmasına, gənclərin tibb peşəsinə marağının artmasına və peşəkar mütəxəssislərin öz sahələrində uzunmüddətli fəaliyyət göstərməsinə şərait yarada bilər. Nəticə etibarilə, həm tibb işçilərinin sosial müdafiəsi güclənər, həm də vətəndaşların aldığı tibbi xidmətin keyfiyyətinin yüksəlməsi üçün daha sağlam və məsuliyyətli mühit formalaşar.

Sədr bildirib ki, səhiyyə sahəsində aparılan islahatların əsas hədəfi vətəndaş məmnuniyyəti olmalıdır. O vurğulayıb ki, əməkhaqqı artımı ilə yanaşı, xəstələrə münasibət və xidmət mədəniyyəti də diqqətdə saxlanılmalıdır:

Mən hesab edirəm ki, səhiyyə sahəsində aparılan islahatların əsas məqsədi vətəndaşın məmnunluğuna xidmət etməlidir. İnsan xəstəxanaya və ya poliklinikaya müraciət etdikdə özünü çarəsiz, diqqətdən kənarda qalmış və ya müxtəlif kabinetlər arasında süründürülmüş hiss etməməlidir. Əməkhaqqının artırılması tibb işçilərinin sosial müdafiəsi baxımından mühüm addımdır və ümid edirəm ki, bu islahatla paralel olaraq xəstələrə münasibət, xidmət mədəniyyəti və məsuliyyət prinsipləri də daha da güclənəcək.

Səbinə Kərimova hesab edir ki, bu qərar həm tibb işçilərinə verilən dəyərin göstəricisi, həm də səhiyyə sisteminin vətəndaşyönümlü inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sosial təminatı güclənən və məsuliyyətini dərindən anlayan tibb işçiləri səhiyyə xidmətlərinin inkişafına mühüm töhfə verə bilərlər:

Ümumilikdə, bu qərarı həm tibb işçilərinə verilən dəyərin göstəricisi, həm də səhiyyə sisteminin daha keyfiyyətli və vətəndaşyönümlü inkişafı üçün vacib addım hesab edirəm. İnanıram ki, sosial təminatı güclənən, əməyinin dəyərli olduğunu hiss edən və eyni zamanda öz məsuliyyətini dərindən anlayan tibb işçiləri ölkəmizdə səhiyyə xidmətlərinin daha yüksək səviyyəyə çatmasına mühüm töhfə verəcəklər.

Fatimə Nəbiyeva