TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sahəsində çalışan 72 212 nəfərin maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır.
Bu fikirləri Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib.
P.Vəliyeva qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, eləcə də əhalinin rifahının daha da yüksəldilməsinə verilən əhəmiyyətin növbəti göstəricisidir.
“Qərarın xüsusilə qısa müddətdə – artıq 1 sentyabrdan qüvvəyə minməsi tibb işçiləri üçün həm mühüm sosial dəstək, həm də onların əməyinə verilən dəyərin konkret ifadəsidir”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, əməkhaqlarının artırılmasını yalnız maaş artımı kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır.
“Tibb işçisi öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını artıracaq. Bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək”, – deyə P.Vəliyeva vurğulayıb.
Deputat qeyd edib ki, əməkhaqlarının artırılması səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması, xüsusilə regionlarda kadr potensialının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
“Regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Əməkhaqlarının artırılması tibb işçiləri üçün regionlarda çalışmağı daha əlverişli və cəlbedici edə bilər”, – deyə o bildirib.
P.Vəliyevanın sözlərinə görə, digər mühüm məqam səhiyyə sahəsində “beyin axını”nın qarşısının alınmasıdır. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması dövlət səhiyyəsinin kadrlar üçün cəlbediciliyini artıracaq.
“Bu, xüsusilə gənc mütəxəssislərin ölkədə qalması və öz peşə fəaliyyətlərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi baxımından vacibdir. Eyni zamanda, əməkhaqlarının yüksəldilməsi gənclər arasında tibb təhsilinə marağın artmasına və həkimlik və digər tibb ixtisaslarının daha cəlbedici olmasına şərait yarada bilər”, – deyə deputat əlavə edib.
P.Vəliyeva hesab edir ki, səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, həm də peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür.
“Bu addım dövlətimizin insan kapitalına verdiyi yüksək dəyərin göstəricisidir. Hesab edirəm ki, bu islahatın davamlı xarakter daşıması və növbəti mərhələlərdə əməkhaqlarının digər tibb işçisi kateqoriyalarını da əhatə etməsi səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər.
Bu baxımdan bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab edirəm”, – deyə Pərvanə Vəliyeva bildirib.












