TƏBİB təcili tibbi yardım xidmətində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni qərar açıqlayıb. 1 sentyabr 2026-cı ildən etibarən RTTYM həkimlərinin əməkhaqqı 1550 manatdan 2200 manata, stansiya müdirlərinin maaşı 1750 manatdan 2700 manata, təcili tibbi yardım tibb bacılarının əməkhaqqı 1100 manatdan 1210 manata, ambucycle feldşerlərinin maaşı isə 1100 manatdan 1810 manata yüksəldilib. Artım vəzifələrdən asılı olaraq 10 faizdən 64,5 faizə qədər dəyişir.

Mövzu ilə bağlı Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlama verib.

 

Z.Nuriyeva bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönələn təşəbbüslərinin icrası mühüm əhəmiyyət daşıyır:

“Bu qərarı yüksək qiymətləndirirəm. TƏBİB-in atdığı addım həkimlər və digər tibb işçiləri üçün ciddi motivasiya amilidir. Əmək şəraitinin və sosial təminatın yaxşılaşdırılması işçilərin peşə fəaliyyətinə münasibətinə, tibbi xidmətlərin operativliyinə və keyfiyyətinə də müsbət təsir göstərə bilər”.

Zülfiyyə Nuriyevanın sözlərinə görə, əməkhaqqının artırılması, ilk növbədə, tibb işçilərinin əməyinə verilən dəyərin göstəricisidir:

 

“Təcili tibbi yardım sahəsində çalışan əməkdaşlar böyük məsuliyyət daşıyır, bəzən insanların həyatının xilas edilməsi saniyələrlə ölçülür. Onların əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsi həm sosial təminat, həm də peşənin nüfuzunun artırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu qərar TƏBİB rəhbərliyinin əməkdaşların fəaliyyətinə və üzərinə düşən məsuliyyətə verdiyi önəmi nümayiş etdirir”.

 

İctimai Birlik sədri qeyd edib ki, maddi təminatın yaxşılaşdırılması tibb işçilərinin motivasiyasının və peşə məsuliyyətinin yüksəlməsinə də şərait yarada bilər:

 

“İşçinin əməyinin layiqincə qiymətləndirildiyini hiss etməsi onun işə münasibətində mühüm rol oynayır. Bu baxımdan hesab edirəm ki, yeni əməkhaqqı artımı təcili tibbi yardım əməkdaşlarının daha çevik, məsuliyyətli və keyfiyyətli xidmət göstərməsinə əlavə stimul yaradacaq. Burada əsas məqamlardan biri də tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsidir”.

 

Z.Nuriyeva vurğulayıb ki, məsələ yalnız əməkhaqqının artırılması ilə məhdudlaşmır, bu addım bütövlükdə səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə xidmət edir:

 

“Tibb işçisinin sosial rifahının yaxşılaşdırılması ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına, peşəyə marağın artmasına və əməkdaşların motivasiyasının yüksəlməsinə təsir göstərir. Nəticədə bundan ən çox faydalanan vətəndaşlar və bütövlükdə səhiyyə sistemi olur”.

 

Zülfiyyə Nuriyeva əlavə edib ki, əməkdaşların əməyinin qiymətləndirilməsinə və sosial təminatının gücləndirilməsinə yönələn yanaşmanın digər sahələrdə də tətbiqi arzuolunandır:

“Əməkdaşın sosial rifahına qoyulan investisiya eyni zamanda göstərilən xidmətin keyfiyyətinə qoyulan investisiyadır. Arzu edərdik ki, digər qurumlarda da əməkdaşların peşəkar fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və əməyinin layiqincə qiymətləndirilməsi istiqamətində ardıcıl addımlar atılsın”.

 

Onun sözlərinə görə, əməkhaqlarının artırılması həm tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşmasına, həm də təcili tibbi yardım xidmətinin daha dayanıqlı və effektiv fəaliyyətinə töhfə verə bilər.

Fatimə Nəbiyeva