Zəfər günü ərəfəsində, 2026-cı il noyabrın 6-da Gəncə şəhərində keçiriləcək Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mühüm hadisə olacaqdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə reallaşan bu tədbir sektorun inkişafına göstərilən davamlı dövlət qayğısının növbəti nümunəsidir.

Forumun “Şəhərsalma və Memarlıq İli”nə həsr olunması təsadüfi deyil. Müstəqil Azərbaycanın quruculuq strategiyası şəhərsalma, bərpa və yenidənqurma işlərini əhatə edir. Bu prosesdə vətəndaş cəmiyyətinin rolu böyükdür. 400-dən çox QHT təmsilçisinin iştirakı isə sektorun nə qədər geniş və təşkilatlanmış olduğunu göstərir.

Gündəliyə daxil edilmiş panel müzakirələrinin mövzuları aktualdır. “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları” mövzusu müasir dövrün tələblərinə cavab verir. Bu gün maarifləndirmə fəaliyyəti, o cümlədən tarixi yaddaşın təbliği, əsasən rəqəmsal mühitdə gedir.

“Azərbaycan QHT-ləri milli maraqların keşiyində” paneli vətəndaş cəmiyyətinin dövlətçilik maraqlarının müdafiəsində və həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında məsuliyyətini vurğulayır. “WUF13 irsi QHT təşəbbüslərində” mövzusu isə beynəlxalq tədbirlərin yaratdığı təcrübə və nailiyyətlərin davamlı ictimai təşəbbüslərə çevrilməsi baxımından əhəmiyyətlidir.

Tədbirin mənəvi-tarixi məzmunu da xüsusi qeyd olunmalıdır. Forum iştirakçılarının noyabrın 5-də Nizami Gəncəvinin məqbərəsini ziyarət etməsi və Gəncə Memorial Kompleksi ilə tanış olması xalqımızın mədəni irsinə və tarixi yaddaşına ehtiramın ifadəsidir. Tarix sahəsində maarifləndirmə ilə məşğul olan təşkilat kimi bu cür addımları xüsusilə dəyərləndiririk, çünki gələcək nəsillərin milli yaddaşı belə ziyarətlər və təşəbbüslər vasitəsilə möhkəmlənir.

Proqramda mina qurbanlarının iştirakı ilə amputant futbol oyununun izlənilməsi də ibrətamiz və humanist təşəbbüsdür. QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi müsabiqənin qalibi olan Futbolun İnkişaf Fondunun layihəsi mina təhlükəsi problemini ictimai gündəmdə saxlayır və müharibə nəticəsində zərər çəkmiş insanların cəmiyyətə inteqrasiyasına töhfə verir.

Həmin gün “Azərbaycan Jurnalistlər Şəbəkəsi”nin istehsalı olan, QHT Agentliyinin donorluğu ilə hazırlanmış “Sabaha doğru” sənədli filminin təqdimatı da “Böyük Qayıdış” proseslərinin ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

“Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyi olaraq forumun təşkilatçılarına, QHT Agentliyinə və tərəfdaşlara təşəkkürümüzü bildirir, tədbirin uğurla keçəcəyinə əminliyimizi ifadə edirik. Hesab edirik ki, belə platformalar QHT-lər arasında təcrübə mübadiləsini gücləndirir, yeni əməkdaşlıq imkanları yaradır və vətəndaş cəmiyyətinin dövlətlə konstruktiv tərəfdaşlığını daha da möhkəmləndirir. Zəfər günü ərəfəsində keçirilən bu forum xalqımızın tarixi qələbəsinə layiq, birlik və məsuliyyət ruhunda keçən mühüm ictimai hadisə olacaqdır.

“Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri
Kənan Məmmədov