2013-cü ildə istefa verib təqaüdə çıxan və bu yaxınlarda vəfat edən keçmiş Papa 16-cı Benedikt Vatikanda təşkil edilən böyük dəfn mərasimi ilə dəfn edildi.
QHT.az xəbər verir ki, dekabrın 31-də 95 yaşında dünyasını dəyişən keçmiş Papanın Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasiminə onun varisi indiki Papa Fransisk rəhbərlik edib.

16-cı Benedikt əsrlər boyu stefa verən ilk Papa idi. Müasir dövrdə ilk dəfə idi ki, vəzifədə olan Papa sələfinin dəfn mərasiminə rəhbərlik edirdi.

On minlərlə insan mərasimi izləmək üçün meydana toplaşmışdı. Keçmişdə papaların dəfn mərasimlərinə dünyanın müxtəlif ölkələrindən onlarla dövlət lideri dəvət olunsa da, Benedikt papalığı tərk etdikdən sonra vəfat etdiyi üçün nisbətən sadə mərasimlə yola salınıb.

Dəfn mərasiminə rəsmi olaraq yalnız İtaliyadan, o cümlədən Vatikandan və keçmiş Papanın vətəni Almaniyadan nümayəndə heyətləri dəvət olunub. Digər tərəfdən, İspaniya Kraliçası Sofiya, Belçika Kralı Filipp və Kraliça Mathilde, Macarıstan, Polşa, Portuqaliya və Sloveniya kimi ölkələrin dövlət rəhbərləri mərasimə xüsusi olaraq qatılıblar.