Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunda ən prioritet məsələdir.
Vətəndaş cəmiyyəti özlüyündə geniş anlayışdır və bura müxtəlif təşkilatlar, icmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qrupları daxildir. Vətəndaş cəmiyyətinin əsas funksiyası isə nəzarət mexanizmidir. Bu istiqamətdə bu günə qədər xeyli işlər görülüb, bu gün də müəyyən addımlar atılır.
Dövlət qurumlarının, büdcə təşkilatlarının yanında İctimai Şuranın yaradılması, vətəndaş cəmiyyətinin fəaliyyətini stimullaşdırmaq üçün qərarların, fərmanlar verilməsi də bu istiqamətdə atılan müsbət addım kimi qiymətləndirilir. Vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından biri hesab olunur. Xüsusilə də ictimai nəzarət məsələsində vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Təbii ki, bütün bunlar hüquqi dövlət quruculuğu ilə bağlıdır.
Amma hüquqi dövlət quruculuğu təkcə vətəndaş cəmiyyəti ilə bağlı məsələ deyil. Bunun üçün digər sahələrdə də ciddi işlərin görülməsinə ehtiyac var ki, artıq müəyyən addımlar da atılır. Məhkəmə-hüquq sistemində köklü islahatlara başlanılması da hüquqi dövlət quruculuğu ilə bağlı atılan önəmli addım idi. Proses hələ də davam etdiyi üçün konkret nəticələrdən danışmaq da tezdir. Amma işin gedişatında müsbət nəticələr görünür.
Qeyd edək ki, proses 2019-cu ildən başladılıb. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında yer alan məsələlər də bu istiqamətdə dövlətin maksimum nəticə əldə etmək üçün nə qədər israrlı olduğunu göstərir.
Fərmanda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, prosesi sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması kimi bir çox vacib məsələlər yer alır.
Bu da hüquqi dövlət quruculuğunda atılan ən ciddi addımdır. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məsələ ilə bağlı QHT.az Cebhe.info-ya istinadən açıqlamasında deyib ki, vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu prosesində əsas aktorlardan biri olmalıdır:
“Cəmiyyətimiz 3 sektordan ibarədir: dövlət, özəl və vətəndaş cəmiyyəti. Bu sektorların inkişaf səviyyəsinin eyni olması vacibdir, eyni zamanda sektorlararası nəzarət mexanizmləri güclü olsun. Qanunların qəbulu və həmin qanunlarda vətəndaş mövqeyinin müdafiəsi, qanunların icrasına nəzarətlə bağlı vətəndaş cəmiyyəti xüsusi rola malik olmalıdır. Bu istiqamətdə QHT-lərin və medianın rolu xüsusi önəm daşıyır. Hazırda bu istiqamətdə qeyri -hökumət təşkilatları və media müəyyən iş aparır. Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutlarının bu fəaliyyətini uğurlu təşkil edilməsi üçün dövlət qurumlarının da məlumatlarına əlçatanlıq yüksək səviyyədə təşkil olunmalıdır”.
C.Hüseynzadə əlavə edib ki, hüquqi dövlət quruculuğu prosesində QHT-lərin aktiv iştirakı ümumi inkişafa mühüm töhfə verəcək:
“Göründüyü kimi, hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyəti önəmli yerə sahibdir. Dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Yəni dövlət və hüquq anlayışları bir-birinə sıx bağlıdır. Bu istiqamətdə ciddi uğurlara imza atmaq üçün isə vətəndaş cəmiyyətinin inkişafına çalışmaq lazımdır. Çünki inkişafdan qalan vətəndaş cəmiyyət ilə hüquqi dövlət quruculuğunda nəyəsə nail olmaq mümkün görünmür."
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info












