“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi növbəti mühüm layihəsi ilə QHT sektorunda sosial fəaliyyətlə yanaşı, idman istiqamətində də yeni bir səhifə açıb.

İctimai Birliyin nəzdində yaradılan “Vətən Naminə” FK Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Regional Liqasına qəbul olunub. Bununla da komanda qarşıdakı mövsümdə Regional Liqada mübarizə aparacaq.

“Vətən Naminə” FK-nın yaradılmasında əsas məqsəd futbol yarışlarında iştirak etməklə yanaşı, gənclərin idmana cəlb edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunda formalaşmasına töhfə verməkdir.

Komanda xüsusilə gənclərimizin tərbiyəsində nümunəvi bir model olmağı, onlara komanda ruhu, intizam, məsuliyyət, dostluq, qarşılıqlı hörmət və Vətənə bağlılıq kimi dəyərləri aşılamağı qarşısına məqsəd qoyur.

“Vətən Naminə” FK-nın hər bir oyunu yalnız futbol mübarizəsi deyil, həm də gənc nəslə düzgün örnək olmaq, şəhidlərimizin müqəddəs adlarını yaşatmaq və Vətənə xidmət ideyasını idman meydanlarına daşımaq məqsədi daşıyacaq.

QHT sektorunda şəhid ailələrinə dəstək istiqamətində həyata keçirdiyi çoxsaylı layihələrlə tanınan “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi bu dəfə də fərqli və sosial əhəmiyyətli təşəbbüslə çıxış edir.

“Vətən Naminə” FK-nın Regional Liqaya qəbul olunması həm komanda, həm də İctimai Birliyin fəaliyyətində yeni mərhələnin başlanğıcıdır.

İnanırıq ki, futbolçularımız meydanda yalnız qələbə uğrunda deyil, şəhidlərimizin adına, Vətənimizin adına və gənclərimizə nümunə olmaq üçün mübarizə aparacaqlar.

“Vətən Naminə” FK – meydanda mübarizə, həyatda nümunə, Vətən naminə