Xəbərlər 11.03.2024 22:05 2402

Mediatorluğa namizədlərin yeni baza mediasiya təlimlərinə start verilib - FOTOLAR

Ədliyyə Akademiyasında mediatorluğa namizədlərin yeni baza mediasiya təlimlərinə start verilib.

QHT.az xəbər verir ki, 7 mart tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq, 5 qrup olmaqla, 71 nəfər mediatorluğa namizədin distant formada ilkin hazırlıq kursuna başlanılıb.

Kursun açılış tədbirində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov cəlb edilən mediatorluğa namizədlərə Mediasiya Şurasının fəaliyyətindən və mediasiya sahəsində aparılan islahatlardan söz açıb. O qeyd edib ki, mediator peşəsi yaradıcı olmaqla bərabər, gərgin, stresli peşədir və bu peşəni vicdanla yerinə yetirmək hər bir mediatorun borcudur. Tədbirdə həmçinin açılış nitqi ilə çıxış edən Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqova mediatorların yeganə təlim qurumu olan Ədliyyə Akademiyasının bu sahədəki fəaliyyətindən bəhs edib və mediatorların təlimlərinin daha intensiv, daha keyfiyyətli olacağını, tədrisin bu sahədəki əhəmiyyətini dilə gətirib.

Aprelin 9-na kimi davam edəcək ilkin hazırlıq kursunda namizədlərə tələb olunan bilik və mediasiya bacarıqlarının inkişaf etdirilməsi üçün Azərbaycanda mediasiya qanunvericiliyi, mediasiya və mediasiyanın prinsipləri, danışıqlar, mediasiyanın mərhələləri, barışığın əldə olunmasına maneələr, mediasiyada etik qaydalar və rol oyununa dair mövzular peşəkar təlimçilər tərəfindən tədris olunacaq.

Qeyd olunub ki, İlkin hazırlıq kursunun sonunda imtahandan müvəffəqiyyətlə keçən namizədlərə sertifikatlar təqdim ediləcək.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı