Xəbərlər 27.04.2024 13:40 3189

Şəhid Faiq Şükürovun xatirəsi anıldı – Masallıda

“Babək – 44” taborunun qorxubilməz əsgəri

 

Şəhadətindən 30 il ötür

 

Aprelin 26-da, Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Faiq Şükürovun xatirəsi anıldı. 
Şəhidin adını daşıyan Lürən kənd tam orta məktəbində keçirilən anım tədbirində şəhidin doğmaları, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri, məktəbin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Əvvəlcə Dövlət himnimiz səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Məktəbin müəllimi Gülnaz Talıbova şəhidin qısa və şərəfli ömür yolu barədə məlumat verdi.
Masallı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun məsləhətçisi Samit İslamov, şəhid ataları Bayram Əsgərov, Aqil Mikayılov, Hafiz Qurbanov, jurnalist-publisist Akif Ağayev, şəhidin səngər yoldaşları İsaq Bağırov, Səfərxan İsmayılov, Emil Şahbazov, şəhid Fayəddin Xancanovun qardaşı Rizvan Rzayev, məktəbin direktoru Farid Hüseynov, kənd sakini Tariyel Nurullayev şəhidin qəhrəmanlığından söz açıb, xatirələrini bölüşdülər.
Diqqətə çatdırıldı ki, Vətənə sonsuz sevgisi ilə yeni nəslə örnək olan Faiqlə təkcə onun ailə üzvləri deyil, bütün xalq qürur duyur.
Bildirildi ki, Şükürov Faiq Xubalı oğlu 12 sentyabr 1973-cü ildə Masallı rayonunda, Lürən ərazisinin Pircana kəndində dünyaya göz açıb. 1988-ci ildə Lürən kənd səkkizillik məktəbini, 1991-ci ildə Masallı 137 nömrəli Texniki-Peşə Məktəbini və sürücülük kursunu bitirib. Məktəb illərindən idmanın karate növü ilə məşğul olub. 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqan rayonlarındakı “N” saylı hərbi hissələrdə xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaəti, igidliyi ilə fərqlənib. Horadiz stansiyasının azad edilməsi zamanı ağır yaralanan Faiq müalicə aldıqdan sonra yenidən səngərə qayıdıb. 
“Babək – 44” taborunun ilk komandiri, ehtiyatda olan polkovnik Elxan Qəniyev və əsgərlərdən Samid Dadaşov, Faiq Mirzəyev, Aşur İmanov, Rəşid Dadaşov, Ramiz Aslanov, Abuzər Gülməmmədov Faiqi cəsur, fədakar döyüşçü kimi xatırlayırlar. Ən şiddətli döyüşlər zamanı düşmən atəşinə məhəl qoymayan qorxubilməz pulemyotçu əsgərimiz həmişə öndə olmağa, düşmən üzərinə şığımağa can atıb. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə ən təhlükəli yerlərdən belə döyüşçülərimizə silah-sursat, ərzaq ehtiyatı daşımaqdan çəkinməyib.     
1994-cü il aprelin 26-da Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda, “Şişqaya” istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu ünvanda torpağa tapşırılıb... 
Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Şəhidin qardaşları Mübariz və Fariz Şükürovlar ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Şəhidin məzarı ziyarət edildi, önünə gül dəstələri düzülərək ruhuna dualar oxundu.
Sonra Faiqin vətənpərvər ruhda böyüdüyü ocağa, Şükürovlar ailəsinə baş çəkdik.  Şəhid anası ilə görüş hər birimizin könlünə sevgi kimi axdı. Qəhrəman övladı barədə qürurla danışan 77 yaşlı Cahan ananı dinlədikcə, bunun mahiyyətində mənəvi kamilliyin, azərbaycançılığın olduğunu bir daha qət etdik: “Şükürlər olsun ki, nakam balamın uğrunda şəhid olduğu torpaqlarımızı 30 ildən sonra azad görmək nəsibimiz oldu. Faiqimin qanı yerdə qalmadı. Fəxr edirəm ki, oğlumun adı heç vaxt unudulmayacaq...”  

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı