Xəbərlər 27.03.2024 13:39 1611

"Terrorun dini, imanı yoxdur, hər bir ölkəni hədəfə ala bilər"- QHT sədri

"Günümüzdə dünyada və yaşadığımız regionda olduqca təhlükəli proseslər baş verir. Ötən hər gün, bəzən isə hər saat hansısa qarşıdurma, toqquşma, yaxud terrorla bağlı məlumatlara rast gəlirik. Belə olan halda hər bir ölkə təhlükəsizlik baxımından daha diqqətli olmalıdır". 

Bunu QHT.az saytına açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib. Onun sözlərinə görə, məhz yuxarıda bəhs edilən məqamlar baxımından Azərbaycan dövlətinin atdığı addımlar, DTX başqa olmaqla müvafiq qurumların ayıq-sayıqlığı təqdir olunmalıdır: "Eyni zamanda bu günlərdə terror törətməyə hazırlaşan şəxslərin aşkara çıxarılması da dövlətimizin və müvafiq qurumların təhlükəsizliyimizin təmini istiqamətində xüsusi dəqiqliklə addım atdığını ortaya qoyur. Lakin təbii ki, terrorun dini, imanı yoxdur. Bu qanlı aksiya hər bir ölkəni hədəfə ala bilər. Heç uzağa getməyək bir neçə gün öncə Rusiyada baş verən terror aktı böyüklüyündən, yaxud kiçiklyindən aslı olmayaraq, hər hansı bir dövlətin xarici terrorçuların hədəfinə tuş gələ biləcəyi həqiqətini bir daha ortaya qoydu".

Nadir Azəri deyib ki, bununla belə terrordan mümkün qədər qorunmaq üçün davamlı addımların atılması, təhlükəsizlik tədbirlərinin görülməsi günümüzdə daha çox vacibdir, hətta həyati əhəmiyyət kəsb edir: "Bu baxımdan hesab edirəm ki,  son proseslər quru sərhədlərimizin bağlı olmasının indiki halda xüsusi önəm kəsb etdiyini bir daha təsdiqləyir. Rusiyadakı son qanlı cinayətin məhz xaricdən gələn terrorçular tərəfindən törədildiyini nəzərə alanda quru sərhədlərinin bağlı qalmasının əhəmiyyəti daha da artmış olur".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı