Xəbərlər 17.04.2024 16:07 1928

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib

Aprelin 17-də “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

 

 

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

 

 

 

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, millət vəkilləri, həmçinin media qurumlarının, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

 

 

 

Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. Fuad Qarayev 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib. 

 

 

 

Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb.

 

 

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında tədbir iştirakçılarını salamlayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb. 

 

 

 

2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında marağın ildən-ilə artmaqda olduğunu vurğulayan nazir müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında onun mühüm rolundan danışıb.

 

 

 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da öz növbəsində layihə finalçılarına müvəffəqiyyətlər arzulayıb. Nazir müavini bildirib ki, layihələrin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edilir.

 

 

 

Daha sonra müsabiqə ilə bağlı videoçarx nümayiş etdirilib. 

 

 

 

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların əl işləri ilə tanış olublar. 

 

 

 

Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər. 

 

 

 

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı