Vüqar Bayramov: "2025-ci ildən pensiyalar artacaq"
İqtisadçı alim Vüqar Bayramov 2024-cü ilin ilk yeddi ayında Azərbaycanda nominal orta aylıq əmək haqqının 8.3 faiz artdığını qeyd edərək, bu artımın pensiyalara təsir edəcəyini açıqlayıb. Bayramovun sözlərinə görə, orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyən edən əsas meyardır.
QHT.az xəbər verir ki, hər il yanvar ayında əmək pensiyaları əvvəlki ilin orta aylıq əmək haqqı artım faizinə uyğun olaraq indeksləşdirilir. Bu ilin orta aylıq əmək haqqındakı artım faizinə əsaslanaraq, 2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarında artımlar gözlənilir.
Bayramov əlavə edib ki, 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklərin də orta illik əmək haqqı faizinə təsir göstərə biləcəyini bildirib.
Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalının da indeksləşdirilərək artırılması planlaşdırılır. Konkret rəqəmlər ilin sonunda bəlli olacaq.