12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsü, 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.
QHT.az xəbər verir ki, təşkilatın hədəfi, diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyilə mübarizə istiqamətində öz səylərini birləşdirir.
Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Azərbaycan eyni zamanda, BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb.
Qeyd edək ki, Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.