Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran hədəflər barədə məlumat verib.

Əlilliyin qiymətləndirilməsi sahəsində görülən işlər, bu ilin yanvar-sentyabr aylarında 40 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyin qiymətləndirilməsinin elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirildiyi vurğulanıb.

İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə dair statistik göstəricilər də diqqətə çatdırılıb. Bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib. Bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib. Dövlət tibb müəssisələrinə 9 ayda 4,8 milyondan çox şəxs 20 milyon müraciət edib. Onlardan 1,5 milyona yaxını uşaqlar olub. Bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,8 faiz, müraciətlərin sayı 8,4 faiz, göstərilən tibbi xidmətlərin sayı 9 faiz artıb.

2027-ci il üzrə əsas hədəflərdən biri olan Xidmətlər Zərfinin genişləndirilməsi məsələsi də müzakirə olunub.

Görüşün sonunda İctimai şuranın sədri Elşad Məmmədov və şuranın digər üzvləri həyata keçirilən islahatlar, tibbi xidmətlərin əlçatanlığının artırılması və icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.