Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, təşkilatın 3-cü tədbiri 23 oktyabr 2026 cı il tarixində Maştağa qəsəbəsi Seyid İbad Ağa 36, ünvanında yerləşən Mədəniyyət və  Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 1-ci Korpusunda reallaşıb. Tədbirdə Peşə Təhsil Mərkəzinin 20 nəfər tələbəsi iştirak edib.

Tədbirdə Maştağa və Zabrat korpusunun direktoru Əlislam müəllim iştirak edərək tədbiri açıb. Layihənin aktuallığı haqda  danışaraq donor təşkilata və layihəni həyata keçirən QHT-na təşəkkür edib. Sonra sözü  təlimçilərə verib.

Tədbirdə layihənin təlimçisi Əntiqə Qurbanova erkən nikah problemi, onun yaranma səbəbləri, fiziki, psixoloji və sosial fəsadları barədə ətraflı məlumat verib. O, erkən nikahın xüsusilə yeniyetmələrin təhsil imkanlarına, sağlamlığına və gələcək həyatına mənfi təsirlərindən danışıb.

Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə Qanunla müəyyən olunmuş cəzalar barədə məlumat verilib. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumlar haqda məlumat verilib və onların problemin həlli üçün birgə fəaliyyəti müzakirə edilib. İştirakçıların rəy və təklifləri dinlənilib.

Təlimçinin erkən nikahla bağlı hazırladığı slayd təlimin daha maraqlı və interaktiv olmasına şərait yaradıb.

Layihənin digər təlimçisi Nabat Qəniyeva “Məişət zorakılığı haqqında” Qanundan ümumi məlumat verib.

Slayd vasitəsi ilə Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, bu problemin həlli üçün Qanunda nəzərdə tutulmuş müddəalar, zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi, müxtəlif qurum və strukturların problemin həlli üçün vəzifələri  və məsuliyyətləri barədə məlumat verilib.

Eyni zamanda iştirakçılar Qanunun daha səmərəli işləməsi üçün lazım olan mexanizmlər barədə təkliflər verib, müxtəlif qurumların Qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə edilib.

Tədbirlər maarifləndirmə, müzakirələr və kiçik qruplarla işdən ibarət olub.

İştirakçılar 4 qrupa bölünub. Hər qrupa 3 sual verilib. Qrup daxili müzakirələrdən sonra hər qrupdan 1 nəfər təqdimat edib.

Qrup işləri zamanı iştirakçılara  çay və şirniyyat süfrəsi təşkil edilib.

Tədbir foto və video çəkilişləri ilə müşayiət olunub.