2 noyabr 2026-cı il tarixində Milli QHT Forumunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının qədim milli-mədəni irsinin təbliğinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Dövlət himnimiz səsləndirildi, müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin sədri Güllü Eldar Tomarlı milli mənəvi dəyərlərimizin əhəmiyyətindən danışıb.
Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, tədqiqatçı-yazıçı Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı" və "Kəlağayı milli sərvətimizdir" kitablarının təqdimatı olub. Eyni zamanda müəllifin "Kəlağayı milli sərvətimizdir" kitabının müxtəlif dillərdə nəşr edilmiş versiyaları ictimaiyyətə təqdim edilib. Kitab İmir Məmmədlinin tərcüməsində gürcü, İlahə Feyziyevanın tərcüməsində isə rus dilində nəşr olunaraq Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin fonduna məxsus əsrlərin yadigarı olan qədim kəlağayılar, həmçinin müasir ustaların hazırladığı nadir kəlağayı nümunələrindən ibarət zəngin sərgi nümayiş etdirildi. Ziyarətçilər kəlağayı mövzusunda nəşr olunmuş kitablarla tanış oldular, milli-mədəni irsimizi əks etdirən videoçarxı izlədilər.
Tədbirdə çıxış edənlər Azərbaycan kəlağayısının xalqımızın mənəvi dəyərlərinin, milli kimliyinin və qadın zərifliyinin rəmzi olduğunu vurğulayaraq bu irsin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, 26 noyabr – Azərbaycan Kəlağayısı Günüdür. Bu əlamətdar gün münasibətilə hər il noyabr ayı ərzində ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. 2014-cü ildə Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayının təbliği istiqamətində həyata keçirilən layihələr daha da geniş vüsət almış, "Sazlı, sözlü kəlağayı günləri" çərçivəsində çoxsaylı mədəni tədbirlər təşkil edilib. Milli QHT Forumunda keçirilən bugünkü tədbirlə 2026-cı il üzrə "Kəlağayı Bayramı" silsilə tədbirlərinə rəsmi start verilib.
Noyabr ayı ərzində ali təhsil müəssisələrində və müxtəlif mədəniyyət ocaqlarında davam edəcək tədbirlər silsiləsi 26 noyabr – "Kəlağayı Bayramı" münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək möhtəşəm yekun tədbirlə başa çatacaq.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi bundan sonra da Azərbaycan kəlağayısının ölkəmizdə və beynəlxalq aləmdə tanıdılması, milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini davam etdirəcək.







