Minalar Əleyhinə Azərbaycan Kampaniya ictimai birliyinin sədri Hafiz Səfixanov işğaldan azad edilmiş ərazilərdə oktyabr ayı ərzində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarının nəticələrindən bəhs edib.
QHT.az həmin fikirləri təqdim edir:
"Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı məlumatında bildirilir ki, oktyabr ayı ərzində 4 898,3 hektar ərazi minalardan təmizlənib.
Oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina və 3 070 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Humanitar minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir QHT tərəfindən Füzuli, Ağdam, Ağdərə, Tərtər, Kəlbəcər, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərində və Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilib".







