Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Vətən müharibəsinin iyirmi dördüncü günü – 20 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.
“Mən 1982-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşam. 1993-cü il oktyabrın 29-da Zəngilan işğal olunanda biz orada mühasirədə idik. Təxminən üç gün mühasirədə qalmışdıq. Çünki artıq Cəbrayıl istiqamətindən yol bağlanmış, erməni silahlı birləşmələri həmin əraziləri ələ keçirmişdi. Biz Araz sahilindən keçərək Zəngilanı tərk etdik.
Hər il oktyabrın 29-da Zəngilanın anım gününü qeyd edirdik. Xoşbəxtlikdən, 2020-ci il oktyabrın 20-də Zəngilan işğaldan azad olundu. Cənab Prezident bu xəbəri böyük fəxarət hissi ilə ictimaiyyətə çatdırdı. Artıq 29 oktyabr tarixi bizim üçün əvvəlki mənasını itirdi. Bu gün biz oktyabrın 20-də Zəngilanın işğaldan azad olunması gününü, Zəngilan Şəhəri Gününü qeyd edirik.
Müharibə dövründə, əlbəttə ki, böyük fəxarət və qürur hissi ilə, vətəndaş mövqeyimizi ortaya qoyaraq daim döyüşçülərimizin yanında idik, onlara dəstək olmağa çalışırdıq. Pandemiya dövrü, karantin rejimi və digər çətinliklərə baxmayaraq, öz imkanlarımız çərçivəsində dostlarımızın, tanışlarımızın dəstəyi ilə ordumuza yardım göstərirdik.
Bütün bunları böyük fəxarət hissi ilə edirdik ki, heç olmasa, həmin döyüşlərdə, qazanılan Qələbədə bizim də bir payımız, töhfəmiz olsun. Nə yaxşı ki, bu gün qəhrəman əsgərlərimizin və Ali Baş Komandanın sayəsində azad, müstəqil Azərbaycanın vətəndaşı kimi böyük fəxarət hissi ilə yaşayırıq”.







