"Azərbaycan Respublikası hər zaman ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın milli, bəşəri və mütərəqqi siyasəti nəticəsində uğurlar və zəfərlər əldə edir. Azərbaycan bu uğurlara və zəfərlərə layiqdir".

Bu sözləri Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib

R.Zeyninin sözlərinə görə, beynəlxalq humanitar siyasət ölkələrin beynəlxalq nüfuzunun və əməkdaşlığının gücləndirilməsində mühüm rol oynayır:

“Bununla əlaqədar olaraq, fəaliyyətimizin istiqamətlərindən biri də beynəlxalq humanitar siyasətin həyata keçirilməsidir. Bu, çox məntiqli və vacib fəaliyyət istiqamətidir. Çünki hər hansı ölkə dünyada uğur qazanmaq, beynəlxalq nüfuzunu artırmaq və dünya ölkələri ilə əməkdaşlığını gücləndirmək istəyirsə, humanitar diplomatiyadan və inkişaf əməkdaşlığından istifadə etməli, həmrəylik yaratmalı, bu istiqamətdə öz dəstəyini və yardımını əsirgəməməlidir”.

Rauf Zeyni bildirib ki, Türkiyənin TİKA vasitəsilə həyata keçirdiyi fəaliyyət beynəlxalq humanitar əməkdaşlığın uğurlu nümunələrindəndir:

“Beynəlxalq təcrübədə də bunun nümunələrini görürük. Türkiyə Cümhuriyyətinin təcrübəsində TİKA – Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı bütün dünyada ehtiyacı olan ölkələrə və insanlara yardım göstərir, onların inkişafına dəstək verir və geniş spektrdə fəaliyyət həyata keçirir”.

Sədr vurğulayıb ki, Azərbaycan da 15 il ərzində müxtəlif ölkələrə beynəlxalq inkişaf və humanitar sahədə dəstək göstərib:

“Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə də on beş il ərzində bu istiqamətdə fəaliyyət həyata keçirilib. Statistikaya əsasən, Agentliyin fəaliyyəti 140-a qədər ölkəni əhatə edib. Pakistanda məktəblərin tikintisindən tutmuş Afrika ölkələrində insanların sağlamlığının dəstəklənməsinə qədər Azərbaycan müxtəlif humanitar təşəbbüslərdə fəal iştirak edib. Bu fəaliyyət ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərib”.

R.Zeyninin sözlərinə görə, Azərbaycanın öz daxili ehtiyaclarına baxmayaraq xaricdə ehtiyacı olan insanlara yardım göstərməsi humanitar diplomatiyanın mühüm nümunəsidir.

Rauf Zeyni bildirib ki, Azərbaycanın Macarıstanda gözdən əlil uşaqlar üçün müalicə korpusunun tikintisinə göstərdiyi yardım humanitar əməkdaşlığın nümunələrindən biridir: “2014-cü ildə Macarıstana səfərimiz zamanı qeyri-hökumət təşkilatları ilə birlikdə gözdən əlil uşaqlar üçün ikinci müalicə korpusunun tikintisinə Azərbaycanın bir milyon avro yardım göstərdiyinin şahidi olduq. Həmin tədbirdə çıxış edərkən qeyd etdik ki, Azərbaycanda da qaçqın və məcburi köçkünlər, eləcə də ehtiyacı olan insanlar var. Buna baxmayaraq, Azərbaycan dövləti Macarıstanda gözdən əlil uşaqlar üçün belə bir xəstəxananın ikinci korpusunun tikintisinə də yardım göstərir”.

Sədr qeyd edib ki, Azərbaycanın Macarıstana göstərdiyi humanitar yardım nümayəndə heyəti üçün qürurverici hadisə olub:

“Bu hadisə Azərbaycan nümayəndə heyəti üçün qürurverici məqam idi. Ölkəmizin Macarıstana belə bir humanitar yardım göstərməsi Azərbaycanla fəxr etməyimizə əsas verirdi”.

R.Zeyninin sözlərinə görə, beynəlxalq humanitar əməkdaşlıq ölkələrin inkişafı və beynəlxalq tərəfdaşlığının genişləndirilməsi üçün əsas istiqamətlərdən biridir:

“Beynəlxalq humanitar əməkdaşlıq dünyada qəbul olunmuş standart və vasitələrdən biridir. Ölkə inkişaf etmək, dünya dövlətləri ilə əməkdaşlığını genişləndirmək istəyirsə, bunun bir istiqaməti iqtisadi əməkdaşlıqdırsa, digər istiqaməti beynəlxalq humanitar əməkdaşlıq və tərəfdaşlıqdır”.

Rauf Zeyni bildirib ki, Beynəlxalq İnkişafa Yardım Agentliyinin 15 illik fəaliyyəti münasibətilə quruma uğurlar arzulayıb.

Sədr vurğulayıb ki, Agentliyin fəaliyyəti Azərbaycanın beynəlxalq mövqeyinə müsbət şəkildə qayıdan bir humanitar dəyər yaradır:

“Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyətinin nəticələri sonradan Azərbaycanın beynəlxalq fəaliyyətinə və beynəlxalq mühitdəki mövqeyinə qayıdır. Fəlsəfədə bunu “bumeranq siyasəti” və ya “bumeranq sindromu” adlandırırlar. Yəni insanın bəşəriyyətə verdiyi dəyər müəyyən formada yenidən ona qayıdır. İnsanlara göstərilən xidmət və edilən yaxşılıq da öz nəticəsini verir”.

R.Zeyninin sözlərinə görə, Agentliyin fəaliyyəti vətəndaş cəmiyyəti tərəfindən də əhəmiyyətli və müsbət qiymətləndirilir:

“Bu baxımdan, Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyətini əhəmiyyətli hesab edirik. Vətəndaş cəmiyyəti də bu fəaliyyəti yüksək qiymətləndirir. Bu istiqamətdə ölkəmizə, dövlətimizə və Agentliyə uğurlar arzulayırıq”.

Fatimə Nəbiyeva