Apple çərşənbə günü şirkətin ilk qatlanan smartfonu olan iPhone Duo modelini təqdim edib. 1 999 dollardan başlayan qiymətlə satışa çıxacaq cihazın 23 oktyabrda bazara buraxılması planlaşdırılır.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni modelin xarici ekranı açıldıqda 7,6 düymlük daxili ekran üzə çıxır. Apple bildirir ki, açıq vəziyyətdə bu, indiyədək istehsal etdiyi ən nazik iPhone-dur. Ekrandakı qat izi demək olar ki, görünmür və toxunuş zamanı hiss edilmir ki, bu da əvvəlki qatlanan telefonlarda rast gəlinən əsas problemlərdən birini aradan qaldırır.
Apple-ın diqqət çəkən yeniliklərindən biri proqram təminatıdır. Telefon müxtəlif bucaqlarda qatlandıqda interfeys avtomatik uyğunlaşır. Məsələn, videolar böyük ekrana problemsiz keçid edir, tətbiqlər isə kitab formasında qatlananda ekranın iki hissəsinə bölünür. FaceTime zamanı eyni vaxtda müxtəlif kameralardan istifadə etmək və bölünmüş ekranda bir neçə tətbiqlə işləmək də mümkündür.
Cihazda “StandBy” rejimi də təkmilləşdirilib. Telefon çadır formasında qoyulduqda xarici ekran saat və ya foto çərçivəsi kimi istifadə oluna bilir ki, bu da onu masa üzərində daha rahat istifadə etməyə imkan yaradır.
Apple rəhbəri Con Ternus bildirib ki, iPhone Duo qatlanan telefon təcrübəsini yenidən müəyyənləşdirəcək. Bununla belə, ekspertlər hesab edirlər ki, cihazın uğuru istehlakçıların yalnız qatlanan formaya görə təxminən 2 min dollar ödəməyə hazır olub-olmamasından asılı olacaq.
Şirkət ümid edir ki, yeni model süni intellekt imkanları və fərqli istifadə təcrübəsi sayəsində iPhone-un bazardakı mövqeyini daha da gücləndirəcək.
Zəhra Mansırova












