31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun (EHC – European Haemophilia Consortium) qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş növbəti beynəlxalq elmi konfransı keçirilib.
Keçirilən bu nüfuzlu tədbirdə Avropa ölkələrinin aparıcı alimlər, mütəxəssislər, tədqiqatçılar və pasiyent təşkilatlarının nümayəndələri bir araya gəlmişlər. EHC-nin Azərbaycandan yeganə və həqiqi üzvü olan Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası da ölkəmizi bu mühüm beynəlxalq platformada təmsil edir.
İki gün davam edəcək konfransın proqramı irsi qanaxma pozuntularının müalicəsində son elmi nailiyyətləri və gələcək tendensiyaları əhatə edən geniş mövzuları əhatə edib.
Tədbir çərçivəsində faktor, faktor əvəzedici və rebalanslaşdırıcı terapiyalar, gen və hüceyrə terapiyaları, innovativ mimetiklər, ilkin hemostaz və Von Villebrand xəstəliyinin müalicəsində son yeniliklər müzakirə olunmuşdur. Eyni zamanda, EHC Tibbi Məsləhət Qrupunun iştirakı ilə qarşıdakı dövrdə səhiyyə sahəsini gözləyən əsas elmi irəliləyişlər barədə panel müzakirələri aparılır.
​Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının bu cür qabaqcıl beynəlxalq tədbirlərdə iştirakı müxtəlif qanaxma pozuntularının müalicə keyfiyyətinin artırılması, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.