Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Vətən müharibəsinin on doqquzuncu günü — 15 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşür.
Fikrət Yusifov xatirələrində Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin əsas amillərindən biri kimi ölkənin güclü iqtisadiyyatını və maliyyə imkanlarını vurğulayıb. O, iqtisadi qüdrətin güclü ordunun formalaşdırılmasına imkan yaratdığını, bunun nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib.
“44 günlük müharibənin 19-cu günü Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda intensiv döyüşləri davam etdirib. Biz 44 gündə torpaqlarımızı işğaldan necə azad etdik? Bunun üçün uzun yol keçdik. Bir ölkənin güclü iqtisadiyyatı, bu iqtisadiyyatdan qaynaqlanan maliyyə vəsaitləri olmasa, o, belə bir müharibədə qalib gələ bilməzdi.
Biz bu illər ərzində, xüsusilə də 2000-ci illərin əvvəllərindən etibarən güclü iqtisadiyyat yaratmaq yolunu tutduq. Təbii ki, bu iqtisadiyyatın qurulması nəticəsində son 17-18 il ərzində Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildi. Məhz bu iqtisadi qüdrət və maliyyə imkanları hesabına güclü ordu yaratdıq və dövlət olaraq bu ordunun şanlı Qələbəsini təmin etdik.
Torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi və biz bütün dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini nümayiş etdirdik. İzlədiyiniz üçün təşəkkür edirəm!”












