"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Times Higher Education (THE) 2027-ci il dünya universitetləri reytinqində irəliləməsi və bu uğurun ali təhsil müəssisələrinin akademik, maliyyə və idarəetmə muxtariyyətinin genişləndirilməsi baxımından əhəmiyyəti haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Azərbaycan Dövlət İqtisad Universitetinin — UNEC-in dünya reytinqində yüksəlişisevindirici xəbərdir. Times Higher Education təşkilatının 2027-ci il sıralamasında universitet 801–1000 intervalından 701–800 qrupuna keçib və Azərbaycan üzrə birinci olub. 118 ölkə və ərazidən 2297 universitetin iştirak etdiyi reytinqdə irəliləmək ciddi nəticədir. Məncə, bu uğur universitetlərimizin inkişafı ilə bağlı müzakirələrə də yeni əsas verir.

Bu il Azərbaycanın beş universiteti sıralamada yer alıb. Bakı Dövlət Universiteti 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1801–2000 intervalındadır. Azərbaycan Texniki Universiteti və ilk dəfə reytinqə daxil olan Azərbaycan Tibb Universiteti 2001+ qrupundadır. Universitetlərin profilləri fərqlənsə də, bu nəticələr ali təhsilimizin beynəlxalq mövqeyini gücləndirmək üçün hələ çox işləməli olduğumuzu göstərir.

UNEC-in əldə etdiyi irəliləyişdə elmi fəaliyyətin payı diqqət çəkir. Universitetin açıqlamasına görə, tədqiqat keyfiyyəti üzrə 158 pillə yüksəliş əldə olunub və bu istiqamətdə 323-cü mövqe qazanılıb. Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramı da tələbələrə xaricdə təhsil və akademik təcrübə qazandırır. UNEC-in sentyabr məlumatında 150-dən çox tələbənin ikili diplom proqramını uğurla tamamladığı bildirilir. Bu işlərin arxasında universitet rəhbərliyinin və müəllimlərin əməyi dayanır. Mən bunu yaxşı idarəçiliyin, qarşıya qoyulmuş məqsədlər üzrə ardıcıl işləməyin nəticəsi kimi qiymətləndirirəm.

Azərbaycan üçün əsas məsələ təhsilin keyfiyyətidir. Reytinqdəki yüksəlişi tələbənin auditoriyada aldığı bilik, qazandığı bacarıq və məzun olduqdan sonra iş tapmaq imkanları ilə birlikdə dəyərləndirməliyik. THE metodologiyasında tədqiqat mühiti və keyfiyyətinin ümumi çəkisi 59 faizdir. Elmi fəaliyyətin tədrisə təsirini gücləndirmək, tələbəni araşdırmaya və praktik işə cəlb etmək universitetin cəlbediciliyini də artırar.

Nazarbayev Universitetinin 376–400 qrupuna yüksəlməsi bizim üçün də maraqlı təcrübədir. Həmin nəticəyə gətirən maliyyələşmə, akademik heyət və idarəetmə şərtlərini öyrənmək olar. Azərbaycanın universitetləri də beynəlxalq rəqabətdə daha yüksək hədəflər uğrunda çalışmaq üçün kifayət qədər təşəbbüs və qərar sərbəstliyinə malik olmalıdır.

UNEC mövcud səlahiyyətlər daxilində bu uğuru qazanıb. İndi həmin nəticəni möhkəmləndirmək üçün universitetin hansı qərarları daha çevik qəbul edə biləcəyinə baxmaq lazımdır. Məsələn, öz gəlirləri hesabına həyata keçirilən layihələrdə xərc bölgüsünün dəyişdirilməsi üzrə qərar imkanları genişləndirilə bilər. Elmi bazaya abunə, dəvətli müəllim və tələbənin tədqiqatda iştirakı üçün vəsaitdən vaxtında istifadə etmək tədrisin keyfiyyətinə xidmət edir. İkili diplom proqramlarından yararlanmaq istəyən, lakin maliyyə çətinliyi yaşayan istedadlı tələbələrə dəstək də artırılmalıdır.

Bunun hüquqi əsası var. “Təhsil haqqında” Qanunun 14.11-ci maddəsi dövlət ali təhsil müəssisələrinə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində muxtariyyət verilməsini nəzərdə tutur. Bu müddəadan istifadə etməklə universitetlərin akademik, təşkilati və maliyyə qərarlarında sərbəstliyini genişləndirmək mümkündür. Müvafiq səlahiyyətlər aidiyyəti aktlarda dəqiq göstərilməli, onların həyata keçirilməsi kollegial qərarvermə və açıq hesabatlılıqla tamamlanmalıdır.

UNEC-in uğuru daha geniş imkanlar barədə təklifləri əsaslandırmağa kömək edir. Nəticə göstərən universitetə yeni inkişaf fürsətləri yaratmaq bütün ali təhsil sistemi üçün faydalı olar. Öz gəlirini təhsilə daha çevik yönəldə, güclü müəllimi cəlb edə və tələbəsinə beynəlxalq təcrübə qazandıra bilən universitet həm ölkə daxilində daha çox seçilər, həm də xaricdən tələbə cəlb etmək üçün daha yaxşı şans qazanar. UNEC-in növbəti uğurlarını da bu istiqamətdə görmək istərdim".