Xəbərlər 05.02.2024 17:10 1603

Azərbaycanda 8 saatdan çox işləyən taksi sürücüləri CƏRİMƏLƏNƏCƏK?

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev 2023-cü il iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı çıxışında bildirib ki, taksi sürücüləri sutkada 14-15 saat işləyirlər.Başqa ölkələrdə isə gündəlik avtomobil idarəetmə saatlarında məhdudiyyətlər var. Belə ki, Avropa İttifaqı qaydalarına əsasən, uzun məsafəli yol üçün sürücülər həftədə 56 saatdan çox işləyə bilməzlər. Yəni bir gün ərzində 9 saat maşın sürməyə icazə verilir. 9 saatlıq yolun hər 4,5 saat yarısında 45 dəqiqə dincəlmək lazımdır. Fasiləni tez bitirənlər isə cəzalandırılır. Yük maşınının sürücüsü fasilə müddətini 10 dəqiqə azaldırsa, Almaniyada onu 30 avro, avtomobilin sahibini isə 90 avro cərimə gözləyir. Fasilə vaxtından 15 dəqiqə əvvəl və ya daha tez başa çatdıqda, cərimənin məbləği müvafiq olaraq 60 və 180 avroya qədər artır.

 Ölkəmizdə taksilər üçün gündəlik maksimal idarəetmə saatı müəyyənləşdirilməlidirmi?

QHT. az bildirir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanların gündəlik iş saatı 8 saatdan az olmalıdır:

“Taksi sürücülərinin 8 saatdan artıq işləməsi həm öz sağlamlıqlarına zərərlidir, həm də digər hərəkət iştirakçıları üçün risk yaradır. Buna görə də taksilərin gündəlik fəaliyyət müddəti ilə bağlı məsələ tənzimlənməlidir. Bizdə xarici transmilli şirkətlər aqreqator fəaliyyəti yerinə yetirir. Taksilər bir növ özünəməşğul çalışırlar, onlar sadəcə qazanclarının müəyən faizini həmin aqreqator şirkətlərə verirlər”.

S.Məmmədovun fikrincə, ölkəmizdə də Avropadakı kimi qaydaların tətbiq olunmasının artıq vaxtıdır və buna ciddi ehtiyac var:  

“Avropa İttifaqında da əvvəllər taksi fəaliyyəti ilə bağlı vəziyyət belə idi, lakin artıq bu məsələləri tənzimləyiblər. Onlar məcbur etdilər ki, aqreqator şirkətlər həmin ölkələrdə öz ofislərini açsın, işçilərlə əmək müqaviləsi bağlasın, onları istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalasın, tibbi yoxlamadan keçirsinlər və s. Bizdə isə hələ bu proseslər getməyib, lakin vaxtıdır”.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı