Xəbərlər 19.02.2024 09:45 1938

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi yeni layihənin icrasına başlayıb

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi Elm və Təhsil Nazilriyinin əlan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində 2023-cü ilin dekabr ayından etibarən "Məktəbəqədər Təhsil Müəssisələrinin Əməkdaşlarının Uşaqyönümlü Yanaşması, Uşaqlarla Davranış Qaydalarının Mənimsənilməsi və Uşaq Müdafiəsi Sisteminin Tətbiqi” adlı layihənin icrasına başlayıb.

Layihə koordinatoru Kəmalə Aşumova QHT.az- a bildirib ki, layihənin məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan əməkdaşların uşaqlarla ünsiyyəti və davranışının təkmilləşdirilməsi, onların uşaq hüquqları, uşaq müdafiəsi, uşaq psixologiyası və uşaqlarla müasir davranış strategiyaları, təlim-tərbiyə prosesində yeni interaktiv və innovativ yanaşmaların tətbiqi ilə uşaqların inkişafını dəstəkləməkdir. Bu fəaliyyətin gücləndirilməsi və peşəkar səviyyəyə çatdırılması gələcəkdə müəssisə-uşaq-valideyn münasibətlərinin düzgün qurulmasına müsbət töhfə verəcəkdir. Hədəf isə məktəbəqədər müəssisələrdə zorakılıq və təcavüz hallarının erkən aşkarlanması, uşaqların inkişafına və təhsilinə mənfi təsir göstərən digər risk faktorlarının müəyyən edilməsi və aradan qaldırılması ilə həmin halların azaldılmasıdır. Layihə çərçivəsində hazırlanacaq Uşaq Hüquqları üzrə Təlim paketi və təlim kursu, eyni zamanda Zorakılıq, Təcavüz və Qısnama Hallarının Erkən Aşkarlanması və Aradan Qaldırılması üzrə Təlimat, Məktəbəqədər Müəssisələrdə Uşaqlarla Davranış Standartı layihə bitdikdə Elm və Təhsil Nazirliyinə daha geniş tətbiq üçün təqdim olunacaqdır. Layihə Bakı, Sumqayıt, Gəncə şəhərlərini və Abşeron, Lənkəran rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrini əhatə edəcəkdir.

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif uşaq problemləri var ki, bunlar arasında sosial bərabərsizlik, uşaq əməyi, xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının pozulması, təhsil və səhiyyə xidmətlərindən istifadə imkanları daxil edilə bilər. Uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son bir ildə 2-17 yaşlı 1 milyarda qədər uşaq fiziki, cinsi və ya emosional zorakılığa və ya laqeydliyə məruz qalıb. Dünyanın hər yerindən əldə edilən sübutlar göstərir ki, uşaqlara qarşı zorakılığın qarşısını almaq olar. Eyni zamanda məlumdur ki, erkən uşaqlıq dövrü (1-3 yaş) və məktəbəqədər yaş dövrü  (3-5 yaş) uşaqların həyatında aparıcı fəaliyyət növünün dəyişilməsi ilə müşayiət olunan keçid dövrüdür. Hansı ki, məhz bu yaş dövründə uşağa olan yanaşma onun gələcək şəxsiyyətinin inkişafına, özünü qiymətləndirməsinə və bacarıqlarının inkişaf etdirilməsinə təsir edir. Bu istiqamətdə uşaqlarla işləyən müəllimlərin, psixoloqların peşəkar səriştəli olması, uşaq psixologiyası və pedaqogikası sahəsində müəyyən biliyə malik olması, fəal peşəkar və şəxsi mövqe tutması, xüsusi şəxsi keyfiyyətlərə malik olması üçün təlimatlanması vacibdir.

Qeyd edək ki, Uşaq Hüquqları və Uşaq Müdafiəsi sahəsində pedaqoqların bacarıq və biliklərinin artırılması uşaq bağçalarında keyfiyyətli işin təmin edilməsi,  beynəlxalq və milli standartlar, uşaqlara hörmətli və bərabər münasibətə dair pedaqoji metodlar və yanaşmalar haqqında maarifləndirilməyə yönəlmiş xüsusi təlimlərin, seminarların və kursların keçirilməsi mühüm addım olacaqdır. Bu cür tədbirlər uşaq bağçalarında uşaqlar üçün daha əlverişli və təhlükəsiz mühitin yaradılmasına müsbət töhfə verəcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı