Xəbərlər 28.02.2024 15:32 1623

Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək

Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək

 

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi yenidən Fərid Cəlalov təyin olunub. 
Azərbaycan Voleybol Federasiyasından verilən məlumatda deyilir ki, fevralın 27-də AVF İdarə heyətinin geniş iclası keçirilib. 
Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, klub rəhbərləri, məşqçilər, həkimlər, hakimlər və federasiyanın digər əməkdaşları iştirak ediblər.
Ş.Bağırov iclası açaraq qonaqları salamlayıb, müzakirəyə çıxarılacaq məsələlər haqqında məlumat verib. 
Tədbirdə Fərid Cəlalovun kişilərdən ibarət milli komandamızın baş məşqçisi təyin olunduğu açıqlanıb. Daha sonra F.Cəlalov yığmamızın may-iyun aylarında keçiriləcək Qızıl Avropa Liqasına hazırlıq planını təqdim edib…

Məlumat üçün bildirək ki, Cəlalov Fərid Yasər oğlu 04 fevral 1987-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində ziyalı ailəsində anadan olub. 2004-cü ildə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Unveristetinin “Maliyyə-Kredit” fakültəsini bitirib. 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olub. 11 yaşında “Kinkboks” və “Taekvondo”, 13 yaşından isə voleybol idman növü ilə məşğul olmağa başlayıb. Həmin ildə Masallının gənclərdən ibarət yığma komandasına, 2000-ci ildə Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət alıb, 2004-cü ilə qədər gənclərdən ibarət yığmanın kapitanı olub. 5 il ardıcıl gənclərdən ibarət Millinin və Masallının gənclərdən ibarət komandasında Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Azərbaycanın kişilərdən ibarət yığma komandasına dəvət alıb, 10 il bu komandanın kapitanı olub. 2007-ci ilin mayında Avropanın Çempionlar liqasının qalibi olub, Almaniya Federasiyasının “Fridrixsafeu” voleybol klubu ilə müqavilə bağlayıb (2007-2008). 2008-ci ilin mayında Quba rayonunda keçirilən kişilərin Avropa təsnifat mərhələsində ilk dəfə olaraq kişilərdən ibarət yığma komandamız Avropa təsnifat oyunlarının finalına qədər yüksəlib. 
Azərbaycan-Albaniya oyununda zədə aldıqdan sonra karyerasına bir müddət ara verib. Sonradan Türkiyənin “Sivasspor” voleybol klubunda çıxış edib (2010-2011), Türkiyə çempionatının qalibi adını qazanıb. 2015-ci il I Avropa Oyunlarından sonra 28 yaşında oyunçu karyerasına son qoyub. Həmin ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən Azərbaycanın kişilərdən ibarət milli komandasına baş məşqçi təyin edilib və ölkə yığması 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının gümüş medalına sahib olub. "Lokomotiv" voleybol klubuna rəhbərliyi dövründə (2016-2019) klub 3 il dalbadal respublika çempionu adını qazanıb. 2017-2018-ci il mövsümündə Azərbaycanın kişi voleybol tarixində ilk dəfə olaraq "Lokomotiv" Avropanın "Chelleuge Cup" turnirində 1/8 final mərhələsinə qədər irəliləyib. 
2019-2020-ci ildə “Murov” voleybol klubuna dəvət alıb, sezonu çempionluqla başa vurub. Hazırda komandanın baş məşqçisidir.
Fərid Calalov Avropa Çempionlar liqasında Azərbaycanın kişi voleybolunu təmsil edən yeganə voleybolçudur.
Nəzərə çatdıraq ki, ötən il Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətinə görə Masallı voleybol məktəbinin yetirməsi Fərid Calalov mənzillə təmin edilib.  
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

 

Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı