Xəbərlər 18.03.2024 10:13 2384

Yurdumuza Novruz ətirli bahar gəlir

Hər gələn bahar özü ilə insanlara bir dünya sevinc gətirir, onlara yaşam eşqi verir, həyatın nə qədər gözəl, yaşamağın nə qədər mənalı olduğunu quşların şaqraq nəğmələrində, bənövşələrin xoş ətrində, oyanan torpağın pərvərişində və bütün bunların fonunda bu oyanışdan, təbiətin bu cah-cəlalından ilham alan ruhumuzun xoş əhvalında soraq verir. Bu bahar da addım-addım yurdumuza qədəm qoyduqca təbiət dirçəlir, bağ-baxçalar öz əvvəlki görkəmini alır. Bu dirçəliş, bu oyanış insanın ruhunu yerindən oynadır, sanki, təbiətlə bərabər insan oğlu da həyata yenidən doğulur. Baharımız yenə Novruz şənliklərinə bürünür, insan həyatının elə sahəsi yoxdur ki, Novruz fəlsəfəsi orada olmasın. İnsanın məişətindən tutmuş iş həyatına kimi bu şənliklərin təsiri vardır. Novruz sanki bir xalq yaradıcılığı çeşməsidir, əsrlərdir çağlayır, suyu dup-duru, mənası geniş, təsiri dərin. Onun üzərindən heç nə əskik olmur, əksinə, həyat irəlilədikcə Novruza yeni çalarlar əlavə olunur, o daha da zənginləşir.

Novruz şənliklərinin qadağan edildiyi, ona dini don geyindirildiyi vaxtlarda belə xalq ona məxsus olan, onun milli kimliyinin izahı olan bu bayramı evində, ürəyində qoruyub saxlaya bilmişdi. Heç bir qüvvə xalqın Novruz yaddaşını onun beynindən silə bilməmişdi. Çünki, Novruz sadəcə bayram deyil, bu mənəviyyatdır, bu məişətdir, bu xalqın birliyidir, xalqın keçmişi, babalarımızın səsi-ünüdür, nənələrimizin ruhumuzu yerindən oynadan bayatısı, oxşaması, nağılı, nabatıdır.

Novruz müxtəliflikdir, aparıcı süjet xətti bir olsa da, onu hər el-oba yerinə-yurduna, coğrafi ərazisinə görə qeyd edir.  Çərşənbələrdən başlanan Novruz meydan şənliklərində, xalq oyunlarında, yığnaqlarda davam edir. İlin tamamında isə el-oba Novruzun ürəkləri isidən, gözləri işığlandıran bayram tonqalının ətrafına toplaşır, deyir-gülür, şənlik edir. Novruz tonqallarının işığı hər yanı bürüyür. Təki xalqın torpaq dərdi, yer-yurd həsrəti olmasın. Bu həsrətə son qoyulan gün, müqəddəs qələbə günü ürəklər güldü, Novruz tam başqa bir cəlala büründü. 30 illik işğal dövründə sükuta bürünən torpaqlarımızda bu il 4-cü dəfə Novruz tonqalları ucalacaq. İşğaldan sonra ilk dəfə möhtərəm prezidentimizin Şuşada, Cıdır düzündə yandırdığı tonqalın bizə necə kövrək anlar  yaşartdığını illər keçsə də unutmayacağıq.  O gün sanki yenidən doğulduq, o gün tarix qarşısında ciddi imtahandan üzüağ çıxdığımızı bir daha dünyaya bəyan etdik.  O gün babalarımızın ruhu şad idi, o gün müqəddəs torpaq uğrunda canından keçən mərd, igid oğullarımızın ruhu şad idi. O gün Cıdır düzündə bir cah-cəlal var idi, aşağıda, Xankəndində şeytan yuvası quran insan cəlladları isə Cıdır düzündə səslənən qara zurnanın dağları lərzəyə gətirən Cəngi səsinə, alovlanan tonqalın gur işığına görə zəncir gəmirirdilər. Sanki sonları yaxınlaşdığını artıq hiss etmişdilər. Burada sadə bir el misalı lap yerinə düşər, “Özgə atına minən tez düşər.” Bəli, belə də oldu.  Cəmi 23 saat bəs etdi ki, o “özgə at” sahibinə qayıtsın. O atı minənlərə bir qırmac kifayət etdi ki, çəkib getsinlər. Getdilər də. Xanın kəndi azad nəfəs aldı. Azərbaycan xalqı bu murdar qara yaradan xilas oldu. 44  günün sonunda hələ də imzalanması elə “erməni ölüsü kimi” desək düz olar, ortada qalan sülh müqaviləsi ilə güzəşt olunan torpaqlarımız geri qayıtdı. O torpaqlara görə ürəyimiz param-parça olurdu, nə etmək olar, bütün məsələlər zamanında öz həllini tapır və tapdı da. Bu Novruzun özəlliyi, gözəlliyi də bax bundadır. Biz Xankəndində qalib Ali Baş Komandanın yandırdığı Novruz tonqalının da şahidi olacağıq. Nə xoş bizə ki, belə gözəl tarixi anları yaşayırıq. Nə xoş bizə ki,  qız gəlinlərimizin kirlənmiş namusunun təmizləndiyini, milli mənliyimizin özümüzə qayıtdığını görmək nəsibimiz oldu. İşğaldan azad olunan torpaqlarımızı, Şuşada açan Xarı bülbülü,  Xankəndində tumurcuqlayan meyvə bağlarını  Novruz büsatına bürünən gördük.

Xoş gəldin baharım, xoş gəldin Novruzum. Sən yurdumuza yeni nəfəssən, sən ulularımızın səsi-ünüsən. Belə keçmişi olan, belə folklor sərvəti olan bir xalq məğlub ola bilməz. Zaman ən gözəl məhək daşıdır. O məhək daşı bu dəfə də haqqı haqq yerinə qoya bildi. Qalib xalqım, bayramın mübarək!

 

Elmira Mehdiqızı,

Zaqatala

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı