“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək ictimai birliyinin aktiv üzvü Yunis Mirzəzadə gündəlik vərdişlərin ətraf mühitə təsirini öyrənmək məqsədilə 100 nəfərin iştirakı ilə onlayn sosioloji sorğu təşkil edib. “Kiçik addımlar, böyük nəticə” adlanan tədqiqat çərçivəsində cəmiyyətdə gündəlik ekoloji davranışların nə dərəcədə tətbiq olunduğu təhlil edilib.
QHT.az xəbər verir ki, sorğunun nəticələri göstərir ki, bəzi ibtidai vərdişlərə (zibilin düzgün atılması – 90%, elektrik cihazlarının söndürülməsi – 80%) əməl olunsa da, gündəlik həyatın digər mühüm sahələrində ekoloji davranış göstəriciləri kifayət qədər aşağıdır. Belə ki:
● Respondentlərin yalnız 39%-i duş qəbul edərkən resurslara qənaət etməyə və lazımsız vaxt keçirməməyə çalışır;
● Qısa məsafələrdə şəxsi avtomobil yerinə piyada gəzməyə, velosiped və ya ictimai nəqliyyata üstünlük verənlərin payı cəmi 51% təşkil edir;
● Çoxdəfəlik əşyalardan və alternativlərdən istifadə edənlər 53% təşkil edir;
● Qida israfının qarşısını almağa çalışanların göstəricisi isə 70% olub.
Əsas problem: Təbiətə vurulan zərər dərk edilir, lakin səhlənkarlıq və unutqanlıq mane olur
Tədqiqatın ən maraqlı məqamlarından biri insanların ekoloji problemlərin vacibliyini dərk etmələrinə baxmayaraq, gündəlik addımlarda bunu əmələ çevirməmələridir. Respondentlərin cavablarına əsasən, daha ekoloji davranmağa mane olan əsas amillər bunlardır:
- Unutqanlıq və diqqətsizlik (41%);
- Köhnə vərdişlər (37%);
- İnfrastrukturun olmaması (39%);
- Vaxt çatışmazlığı (20%);
- Məlumat azlığı (22%)
Bu nəticələr göstərir ki, problem təkcə maariflənmənin azlığında deyil, cəmiyyətdə gündəlik vərdişlərə qarşı yaranan səhlənkarlıq və psixoloji baryerlərdədir.
Gənclər nəyi dəyişməyə hazırdır?
Sorğuda iştirak edənlər gələcəkdə mənimsəmək istədikləri vərdişləri də qeyd ediblər. İştirakçıların 41%-i diş fırçalayarkən və ya əlləri sabunlayarkən suyu bağlamaq, 35%-i qısa məsafələrdə avtomobildən daha az istifadə etmək, 33%-i işıqları vaxtında söndürmək, 32%-i isə qida israfını azaltmaq istədiyini bildirib.
Ekoloji layihənin müəllifi Yunis Mirzəzadə gəldiyi qənaəti belə izah edir:
“Araşdırma göstərdi ki, insanlar ekoloji problemlərin fərqindədirlər, lakin gündəlik həyatda səhlənkarlıq, unutqanlıq və köhnə vərdişlər səbəbindən doğru addımları atmaqda çətinlik çəkirlər. Deməli, təkcə 'nəyin zərərli olduğunu' demək bəs etmir, vərdişləri dəyişdirəcək mühit və həvəsləndirici mexanizmlər qurulmalıdır.”
“Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İB gənclərin potensialının artırılması, ekoloji maarifləndirmə və sosial layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.












