Yuxu xalları, maqnezium, ağ səs cihazları – bir vaxtlar sadə olan yuxu indi optimallaşdırılmağa çalışılan mürəkkəb prosesə çevrilib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yuxunu həddindən artıq optimallaşdırmaq cəhdi “ortosomniya” adlanan vəziyyətə səbəb ola bilər. Bu, mükəmməl yuxuya çatmaq istəyinin obsesiyaya çevrilməsidir. Böyük Britaniyada rəsmi xəstəlik kimi tanınmasa da, həkimlər bəzi pasiyentlərin yuxu izləyici cihazların məlumatlarına həddindən artıq güvəndiyini və bunun narahatlıq yaratdığını deyirlər.

Yuxu analizi təqdim edən ilk kommersiya fitnes izləyicisi 2009-cu ildə satışa çıxarılan Fitbit Classic olub. Sonradan Garmin, Apple, Whoop, Oura və digər şirkətlər də bu funksiyanı saat və ağıllı üzüklərinə inteqrasiya ediblər.

Bu cihazlar istifadəçilərə yuxunu mərhələlər üzrə təhlil edir və “yuxu xalı” təqdim edir. Lakin Londonun Royal Brompton Xəstəxanasının yuxu üzrə mütəxəssisi Alanna Hare deyir ki, “Yuxu xalı” anlayışı elmi baxımdan qəbul olunmuş göstərici deyil”. Onun sözlərinə görə, bu göstərici istehsalçılar tərəfindən yaradılıb və bəzi insanlarda əsassız narahatlıq yaradır.

Bu arada, ABŞ-da Oura şirkətinə qarşı açılan iddiada ağıllı üzüklərin yuxu keyfiyyətini və mərhələlərini dəqiq ölçmədiyi, nəticələrin süni intellektin təxminlərinə əsaslandığı iddia olunur.

Araşdırmalar göstərir ki, insanlara pis yatdıqları deyildikdə, hətta bu məlumatlar saxta olsa belə, onlar gün ərzində özlərini daha yorğun və diqqətsiz hiss edirlər.

Yuxu mütəxəssisi Neil Stanley hesab edir ki, yuxunu rəqəmlərlə qiymətləndirmək insanları nəticələr barədə narahat olmağa sövq edir və bu da yuxu problemlərini dərinləşdirə bilər.

Mütəxəssislər yaxşı yuxu üçün yataq otağının sərin, qaranlıq və sakit olmasını, səhərlər parlaq işığa məruz qalmağı, yüngül fiziki aktivliyi və Aralıq dənizi tipli sağlam qidalanmanı tövsiyə edirlər. Onların fikrincə, “ən vacibi hər şeyi sadə saxlamaqdır”.

Zəhra Mansırova