Yaponiyada fəaliyyət göstərən Qlobal Səhiyyə İnnovativ Texnologiyalar Fondu (GHIT Fund) investisiya portfelini genişləndirərək pandemiyalarla bağlı tədqiqat və innovativ texnologiyaların inkişafına da dəstək verir.

QHT.az xarici mediaya istinadən bildirir ki, fondun yeni investisiyalarından biri Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası ilə bağlıdır. GHIT Fund xəstəliyin sürətli aşkarlanması üçün bir neçə diaqnostik testin hazırlanmasına maliyyə dəstəyi göstərir.

Bu layihələrdən biri Osaka Metropolitan Universiteti, K.K. DNAFORM şirkəti və KDR Milli Biotibbi Tədqiqat İnstitutu tərəfindən hazırlanır. Portativ testin müxtəlif ərazilərdə Ebola virusunun daha sürətli müəyyənləşdirilməsinə imkan verməsi gözlənilir.

GHIT Fund-un baş direktoru Dr. Osamu Kunii bildirib ki, COVID-19 pandemiyasından sonra pandemiyalarla mübarizəyə yönəlmiş innovasiyalara, xüsusilə diaqnostika və antiviral preparatların hazırlanmasına investisiya yatırmaq üçün imkan yaranıb.

Fondun bu addımı gələcək epidemiyaların erkən aşkarlanması və onlara daha effektiv müdaxilə imkanlarının artırılması baxımından əhəmiyyətli hesab olunur.