Yeni araşdırma göstərib ki, alkoqol ABŞ-da bir çox xərçəng növündən qaynaqlanan ölümlərdə əvvəllər düşünüldüyündən daha böyük rol oynayır.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatın baş müəllifi Dr. Çinmay Cani bildirib: “Ümumilikdə xərçəngdən ölüm halları azalsa da, son 33 ildə 20 yaşdan yuxarı şəxslər arasında alkoqolla əlaqəli xərçəng ölümlərinin nisbəti iki dəfə artıb.”

Araşdırmaya görə, risk döş, prostat, yoğun bağırsaq, düz bağırsaq, mədə, mədəaltı vəzi, qaraciyər, eləcə də baş və boyun xərçəngləri üçün keçərlidir.

Mütəxəssis qeyd edib ki, xüsusilə 20–54 yaş arasında alkoqolla əlaqəli xərçəng ölümlərinin əsas səbəblərindən biri kişilərdə yoğun bağırsaq, qadınlarda isə döş xərçəngidir. Onun sözlərinə görə, riskin artması üçün çoxlu alkoqol qəbuluna ehtiyac yoxdur, gündə təxminən bir standart içki belə kifayət edir.

Kardioloq Dr. Endryu Friman da bildirib: “Müasir elmi araşdırmalar göstərir ki, alkoqolun təhlükəsiz qəbul edilə biləcək miqdarı yoxdur. Bu və digər tədqiqatlar alkoqol istehlakı ilə bağlı risklərin daha geniş qəbul edilməsinin vacibliyini ortaya qoyur.”

Mütəxəssislərin sözlərinə görə, alkoqol DNT-yə, zülallara və hüceyrə funksiyalarına zərər verir, iltihabı artırır, həmçinin A, C, D, E vitaminləri və fol turşusu kimi xərçəng riskini azaltmağa kömək edən maddələrin mənimsənilməsini pozur. Siqaretlə birlikdə istifadə edildikdə isə risk daha da yüksəlir.

Zəhra Mansırova