Ağrıkəsici dərmanlardan tez-tez istifadə etmək gözlənilən əks nəticəyə səbəb olaraq baş ağrılarının daha da sıxlaşmasına və xroniki hala keçməsinə gətirib çıxara bilər. Mütəxəssislər xüsusilə miqren xəstələrini dərman istifadəsinə diqqət yetirməyə çağırırlar.
QHT.az xarici mediaya istinadən bildirir ki, nevroloq, dosent doktor Ersel Dağ bildirib ki, baş ağrısı yaşayan şəxslərdə zaman keçdikcə ağrıkəsiciyə ehtiyacın artması və ağrıların daha tez-tez təkrarlanması dərmanların həddindən artıq istifadəsi ilə əlaqəli baş ağrısının əlaməti ola bilər.
Onun sözlərinə görə, miqren müalicəsində yalnız ağrı tutmaları zamanı simptomları aradan qaldırmaq kifayət deyil. Zərurət yarandıqda tutmaların tezliyini və şiddətini azaltmağa yönəlmiş profilaktik müalicələrə də üstünlük verilməlidir.
Miqren tutması başlamazdan əvvəl hansı əlamətlər yaranır?
Mütəxəssis qeyd edib ki, miqren tutması başlamazdan bir neçə saat, bəzi hallarda isə bir neçə gün əvvəl müxtəlif xəbərdaredici əlamətlər müşahidə oluna bilər.
Bunlara yorğunluq, tez-tez əsnəmə, diqqətin dağılması, əhval-ruhiyyənin dəyişməsi və boyun nahiyəsində sərtlik daxildir.
Bəzi insanlarda isə tutmadan əvvəl işıq parıltıları, görmə dəyişiklikləri və keyimə kimi aura əlamətləri meydana çıxa bilər.
Ersel Dağ vurğulayıb ki, bu əlamətlər hər kəsdə müşahidə olunmur və onların mövcudluğu özlüyündə miqren diaqnozu qoymaq üçün kifayət deyil.
Mütəxəssisin fikrincə, insanın özündə yaranan xəbərdaredici əlamətləri tanıması xəstəliyin idarə olunmasına və müalicənin düzgün planlaşdırılmasına kömək edə bilər.
Həkimlər baş ağrıları tez-tez təkrarlanan və ağrıkəsici ehtiyacı artan şəxslərə nevroloqa müraciət etməyi tövsiyə edirlər.








