Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.

Videoçarxların növbəti buraxılışında Amin Məmmədov Vətən müharibəsinin otuz birinci günü – 27 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.

Amin Məmmədov həmin günü həm kədər, həm də qürur hissi ilə xatırladığını bildirərək Bərdənin kəndlərinin bombalanması və Azərbaycanın rəşadətli ordusunun irəliləyişindən danışıb:

“2020-ci il oktyabrın 27-də artıq Azərbaycan xalqı 30 gündür ki, Vətən müharibəsinin gedişatını həyəcanla izləyirdi. Mən şəxsən bu günü həm kədərlə, həm də sevinc hissi ilə xatırlayıram. Həmin gün düşmən qüvvələri Bərdənin kəndlərini bombaladılar. Bu hücumlar nəticəsində hətta yeddi yaşı tamam olmuş Aysu adlı gözəl bir qızımız da şəhid oldu.

Amma buna baxmayaraq, Azərbaycan xalqını heç nə sındırmadı. Rəşadətli ordumuz həmin gün Şuşa istiqamətində artıq hərəkətə başlamışdı və 8 Noyabr Qələbəsinin, demək olar ki, astanasında idi.

Müharibənin 31-ci günündə xalqımız ölkə başçısının sosial şəbəkə hesablarındakı paylaşımlarını, xüsusilə tvitlərini diqqətlə izləyirdi. Hər gün yeni azad olunan kəndlərin adlarını oxuduqca qürurlanır, fərəhlənir və Qələbəyə olan ümidimiz daha da artırdı.

Bu, tariximizin ən şanlı səhifəsidir. Bundan sonra Azərbaycan xalqı qalib dövlətin xalqı idi. Biz bundan sonra yalnız irəli baxırıq və bütün azad olunmuş torpaqlarımızı daim öz nəzarətimizdə saxlayacağıq. Həmin əraziləri dirçəldəcək, inkişaf etdirəcəyik.

Çünki mənfur düşmənlərimiz həmin günlərdə fosfor bombalarından istifadə etdilər, əraziləri tərk edərkən meşələri yandırdılar və ətraf mühitə böyük ziyan vurdular. Azərbaycan xalqı ətraf mühiti və təbiəti sevən xalq kimi bu əraziləri yenidən yaşıllaşdıracaq, onları cənnətə çevirəcək”.