Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “Əbədi Turan” Kitab Fondunun sədri Esmira Fuad Vətən müharibəsinin otuz ikinci günü – 28 oktyabr tarixi ilə bağlı xatirələrini bölüşüb.
Esmira Fuad həmin günü Bərdəyə edilən raket hücumları və mülki əhalinin üzləşdiyi faciələrlə xatırladığını bildirib:
“Altı il əvvəl, məhz bu gün – 28 oktyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdəyə “Qrad” raketləri atması tarixə düşdü. Bu faciəvi hadisə nəticəsində çox sayda insan zərər çəkdi.
Maraqlıdır ki, Azərbaycan ordusu ilə Ermənistan ordusunun fərqi də məhz bundadır. Azərbaycan əsgəri heç vaxt mülki insanları və şəhərləri hədəf almayıb. Ermənistan ordusunun Bakı, Gəncə, Bərdə və Tərtərə atdığı raketlərin yaratdığı fəsadlar isə hələ də gözlərimizin önündədir.
Gəncədə üzünü mərmi qəlpələrinin qana boyadığı körpənin məğrur duruşu, gözlərindəki nifrət qığılcımları ilə baxışı Azərbaycan ordusunun qələbəsinin uzaqda olmadığını hayqırırdı. Həmin hadisədən çox keçmədi və cəmi 10-11 gün sonra biz tarixi qələbəmizin şahidi olduq.
Xoşbəxtik ki, 28-30 il işğal altında qalan, erməni vandallarının tapdağı altında dağıdılan, tarixi abidələri, məscidləri yerlə-yeksan edilən, kənd və şəhərlərinin adları dəyişdirilən torpaqlarımızı geri aldıq.
Nə xoşbəxtik ki, bu gün tarixi qayıdışın sevincini və möhtəşəm duyğularını yaşayırıq. Əzəli yurdlarımıza kütləvi şəkildə qayıtmaq üçün genişmiqyaslı tikinti və abadlıq işləri aparılır, dağıdılmış şəhərlərimiz yenidən qurulur. Azərbaycan xalqı öz dədə-baba yurdlarına mərhələ-mərhələ qayıdır və Böyük Qayıdış proqramı uğurla həyata keçirilir”.








