Xəbərlər 12.03.2024 19:10 1476

“Ölkəmiz Gürcüstanın iqtisadi inkişafında, siyasi proseslərdə daim yanında olub”- QHT sədri

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib, strateji layihələri müzakirə ediblər.

Gürcüstan və Azərbaycan arasında bu cür yüksək səviyyəli danışıqlar Qafqaz regionunda ümumi siyasi dinamikaya necə təsir göstərə bilər? İki ölkə arasında artan əməkdaşlıq və tərəfdaşlıq regional inkişaf və inteqrasiya üçün hansı imkanlar təklif edir?

QHT.az bu suallara aydınlıq gətirmək üçün Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəylidən açıqlama alıb. Onun sözlərinə görə, bu gün Azərbaycav və Gürcüstan Respublikası arasında olan münasibətlər kifayət qədər yüksək və stabildir: “Bu həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə əməkdaşlıqda özünü təzahür edir. Bu münasibətlərin bu səviyyəyə çatmasında təbii ki, böyük bir tarixi keçmişi var. Bəzən qüsurlar, ziddiyyətli məqamlar olsa da, bu səviyyəyə çatmasında hər iki dövlətin siyasi rəhbərliyinin, diplomatiyasının, xüsusən də Azərbaycanın siyasi rəhbərliyinin diplomatiyasının uğurlarını qeyd etmək olar”.

QHT sədi həmçinin açıqlamasında bildirib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. nəhəng iqtisadi layihələr bu iki dövlətin münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu göstərmək olar: “Bu gün Azərbaycan Gürcüstana investisiya qoyulması baxımından səhv etmirəmsə birinci yeri tutub. Yəni Azərbaycan Respublikasının Gürcüstan iqtisadi inkişafında, eyni zamanda siyasi proseslərdə də daim yanında olub və Gürcüstanın ən ağır vəziyyətlərində ona dəstək olub. Təbii ki, Gürcüstan Respublikası da Azərbaycanla bağlı və ümumi bizi birləşdirən vahid problemlərlə bağlı Azərbaycanın sözünü deməyə çalışıb. Bir çox məsələlərdə Azərbaycanın haqq səsinə səs verib. Bəzi təxribatçı qüvvələr ara-sıra münasibətlərin pozulmasına, müəyyən narazılıqların yaranmasına cəhdlər ediblər. Bu müstəqilliyimizin ilkin dövrlərində Gürcüstanda Azərbaycanlılara qarşı edilmiş bəzi haqsızlıqlar, sonra 2022-ci ildən sonra Keşikçidağ zonasında baş vermiş təxribatlar və bu yaxın günlərdə Azərbaycanlılara qarşı dini inanclarının həyata keçirilməsinə mane törətməsi ilə bağlı bu cür təxribatlar ara –sıra olur. Belə olan halda hüquq mühafizə orqanları bunun qarşısını qətiyyətlə almalıdır. Münasibətlərə ləkə salınmasına heç bir vəcdlə yol vermək olmaz. Bu münasibətlər təkcə iki dövlətin arasında deyil, eyni zamanda regionun təhlükəsizliyi baxımında əhəmiyyətlidir”.

Əhməd Abbasbəyli qeyd edib ki, hər iki tərəfin ailə rəhbərlərinin, digər rəsmi şəxslərin görüşləri bu ölkələr arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi, artım, yüksəliş dinamikasının üzərində qurulub: “Bu gün artıq regionda yeni bir reallıq formalaşmaqdadır. Azərbaycan Respublikası ilə Ermənistan respublikası arasında sülh müqaviləsinin bağlanması ərəfəsindəyik. Düşünürəm ki, yaxın günlərdə bu baş tuta bilər. Bundan sonra 3 tərəfli münasibətlərin qurulmasına meydan yaranacaq, siyasi, iqtisadi, mədəni əlaqələrin qurulması, daha da genişləndirilməsi əhalinin rifah halının yüksəldilməsində öz töhfəsini verəcək. Azərbaycan regionun əsas aktorudur, regionda baş verən proseslərə birbaşa təsiri var. Azərbaycan həm Gürcüstanla əməkdaşlığa, həm də regionda sülhün bərqərar olunmasında, regionun iqtisadi inkişafında, əhalinin firavan yaşamasında Azərbaycanın dəstəyi ilə əməkdaşlığın müsbət təsiri var”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı