Xəbərlər 14.03.2024 20:37 7171

QHT-lərin beynəlxalq platformalarda təmsilçiliyi - MÜZAKİRƏ

Facebook sosial şəbəkəsində QHT nümayəndələri Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq platformalarda təmsilçiliyi  məsələsini müzakirə edib.
 

Ramil İskəndərli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri

Yəqin ki, paylaşmalarımdan bilirsiniz ki, keçən həftə Sahib Məmmədovla -la birgə BMT-nin Cenevrədə yerləşən İnsan Hüquqları Şurasınin 55-ci sessiyasında canlı olaraq iştirak etdik. Hər birimiz 2 dəfə canlı olaraq Plenar sessiyalarda Azərbaycanda aktual hesab edilən, beynəlxalq aləmin məlumatlandırılması vacib olan məsələləri geniş dövlət qurumları, beynəlxalq qurumlar, xarici və milli qeyri-hökumət təşkilatları qarşısında qaldırdıq. Ölkəmizdən BMT Komitələrində nadir sayda təmsil olunan üzvlərdən Nadir Adilovla bir neçə dəfə görüşdük. Dəyərli məsləhətləri ilə bölüşdü bizimlə. 
 

Lakin bir məsələni öz aramızda qeyd edirdik ki, nə yaxşı olardı ki, bu cür tədbirdə qeydiyyatdan keçmiş Azərbaycandan cəmi 2 təşkilat yox, bir neçə təşkilatımız iştirak etsin. Bu cür təşkilatların sayı artmalıdır. Təşkilatlarımız BMT-nin Nyu York, Vyana, Cenevrə ofislərində akkreditasiyadan keçməli, ECOSOC yanında məşvərətçi statusa yiyələnməlidirlər. 
 

Biz tənqid edəndə, həm də təklif veririk. İnşallah bu sahədə marağı, insan resursu, bilikləri olan təşkilatlarla QHT Agentliyi ilə birgə prosedurlarla bağlı praktik məşğələlər keçmək fikrindəyəm. Təmənnasız. Sahib müəllim də, Umud Mirzayev də bu cür təlimlər keçir. Axı niyə Asiya, Afrika, dünyanın bir çox ölkələrini təmsil edən QHT-lər bu məsələlərdə aktiv olurlar, biz isə yox. Məncə bu yanaşma ilə bağlıdır. 
 

Mən heç kimi tənqid və ya tərif etmək fikrində deyiləm. Amma əminəm ki, cənab Prezidentin elan etdiyi Yeni reallıqlara uyğun Yeni Dövr hər bir sahəyə aid olduğu kimi, vətəndaş cəmiyyəti sahəsinə də aiddir. Mən ümid edirəm ki, yaxın gələcəkdə QHT Agentliyinin qrant proqramının nəticələrin elanı mənim əminliyimi bir daha möhkəmləndirəcək.
 

QHT-lər tərəfindən verilən layihələr təkcə maliyyələşməsi və ya imtina edilməsi barədə qərar vermək üçün təhlil olunmur. Layihələr ona görə məsul şəxslər tərəfindən geniş və tam olaraq, bir neçə istiqamətdə təhlil olunur ki, indiki dövr üçün ümumi QHT-lərin vəziyyəti, potensialı (və ya bəzən potensialsızlığı) aydın olsun və Yeni dövr üçün buna görə strateji hədəflər seçilsin.
 

İndiyədək bir neçə beynəlxalq təşkilatlarda layihələrin qiymətləndirilməsi üzrə ekspert qismində cəlb olunmuşam. Bu baxımdan təxminən layihələrin ümumi vəziyyətini təxmin edə bilərəm. 
"Əminəm ki, bu dəfə layihələr elan olunandan sonra keyfiyyət baxımından irəliləyiş olacaq. Kim isə ola bilər köhnə qaydada qranta yiyələnəcəyini düşünürsə, yanıla bilər. Məncə bir çox QHT-lər öyrəşdikləri "komfort zonasından" çıxmalı olacaqlar. Yalnız "Komfort zonasında" çıxmaqla, hər bir insan uğur qazana bilər! Kimsə "komfort zona"sından çıxmaq istəmirsə, o zaman günah özündədir.

 

Sonda, bir qeyd verim. Bizim təşkilat nə Böyük, nə də Orta qranta müraciət etməyib. Yəni dedim birdən elə bilərsiz ki, bunu hansısa "qəşəng" məbləğə görə yazıram. Sadəcə mən çoxdan "komfort zonası"ndan çıxmışam.

 

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri.
Əlbəttə Azərbaycanın vətəndaş cəmiyyəti BMT-nin 100-dən çox insan hüquqları müdafiə mexanizmlərindən daha səmərəli istifadə etməlidir. Mənim bu istiqamətdəki fəaliyyətin 20 ili keçir. Təcrübəmi də hər zaman bölüşməyə hazıram. Bu sahədə Sizin də həm nəzəri, həm də praktiki təcrübəniz zəngindir. Bu təcrübənizi də bölüşməyə hazırsız. Umud müəllimə də verdiyi dəstəyə görə xüsusi təşəkkürlər. Nadir müəllim komitə üzvüdür və neytrallığına xüsusi diqqət yetirir. Bu baxımdan o neytrallığını saxlamaqla müqavilə orqanları ilə iş təcrübəsi barədə dəyərli məsləhətlər verə bilər. Sadəcə burda mühüm bir məslə var. BMT mexanizmlərindən istifadə edən VC qurumu və ya fərd neytrallığını saxlamalıdır. Müstəqil təsisat kimi BMT sistemində imicə malik olmalıdır. Əks halda effekt aşağı düşür, xüsusən müqavilə orqanları müstəqil olmayan VC təmsilçilərinin hesabatlarına əhəmiyyət vermir. Yazışmalar, çıxışlar nifrət dilindən, təhqirdən, saxta məlumatlardan uzaq olmalı və BMT-nin insan hüquqları haqqında universal prinsiplərinə zidd olmamalıdır. BU çox vacibdir!!!

 

Günel Səfərova, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

Xüsusi ilə son zamanlar beynəlxalq platformalarda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsilçiliklə yanaşı formalaşmış yeni geosiyasi reallığa uyğun addımlar atması müşahidə edilir. Təbii ki, aktivliyi artırmaqla yanaşı təşkilatlarımız yanaşma formalaşdırmaq sahəsində də daha çox çalışmalıdırlar. Yazının ikinci hissəsindəki "Komfort zona"-dan çıxmağı istəməmək illərin formalaşmış ənənəsinə çevrildiyi üçün yaradıcılığa, keyfiyyətə mənfi təsir etmişdi. Bu illərdə "Mənə yox, kimə verəcəklər ki?", "Bəyəm adım kifayət eləmirmi?", "Məndən başqa kim var ki?" və s. daha çox " Mən" anlayışının mənfi çalarlarına sığınan suallar eşitdik. Yeniliyi qəbul edən, prosesi olduğu kimi anlayan, anlaması ilə yanaşı bunu dilə gətirən və prioritetlərin şəffaflıq, hesabatlılıq , ədalət, bir sözlə qanunun tələblərinə əsaslanan qərarlar olduğunu qeyd edən vətəndaş cəmiyyətinin təmsilçilərinin olması sevindiricidir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı