Xəbərlər 15.04.2024 14:37 1750

Professorun dolların yenidən möhkəmlənməsi və Azərbaycanda valyuta sabitliyi haqqında AÇIQLAMASI

Dollar dünya bazarında yenidən möhkəmlənməkdidr. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır.

Bəs dolların son günlər bahalaşmasının əsas amilləri hansılardır? Dolların möhkəmlənməsi ilə bağlı Azərbaycanda hansı iqtisadi proseslər müşahidə olunur?

QHT.az bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədovdan açıqlama alıb. Professorun sözlərinə görə, dollara tələbin dünya miqyasında artması xeyli dərəcədə iqtisadiyyatda qeyri müəyyənliklərin olması ilə şərtləndirilə bilər: “Beynəlxalq səviyyədə siyasi, hərbi münaqişələrin olduğu halda bir çox investorlar məhz dollara ehtiyat valyutası kimi üz tuturlar. Çünki artıq uzun onilliklərdir ki, dünyada aparıcı ehtiyat valyutası kimi dəyərləndirilir. Yəni qızıla və dollara qeyri müəyyən iqtisadi şəraitdə meyl dünyada investorlar tərəfindən artmış olur. Ona görə də bu prosesi təsadüfi hesab etmək olmaz. Amma digər tərəfdən, dünya iqtisadiyyatındakı böhranın elə dollarla bağlı olduğunu nəzərə aldıqda, hesab edirəm ki, perspektivdə dolları artıq öz statusunun itirilməsi ilə bağlı real təhlükə gözləyir. Ona görə də uzunmüddətli perspektiv üçün dolları investisiya aləti kimi qəbul etmək, düşünürəm ki, ciddi problemlərə səbəb ola bilər”.

Azərbaycanda valyutanın sabitliyi ilə bağlı olan duruma gəlincə Elşad Məmmədov qeyd edib ki, milli valyutamızın sabitliyinə, ən azı yaxın və orta müddətli perspektiv üçün hansısa bir əsaslı təhlükə gözlənilmir: “Əgər pul kredit siyasəti adekvat olaraq ölkədə həyata keçirilərsə, ölkəyə daxil olan valyutanın xarici ticarətdə həcmi xeyli dərəcədə ölkədən çıxan valyutadan çox olmasını nəzərə alaraq, Milli valyutamızın sabitliyinin qorunması üçün Mərkəzi Bankın yaxın və orta müddətli perspektiv üçün ən azından bütün imkanları zənnimcə mövcuddur”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı