İlyas İsmayılovun xatirəsinə
Azərbaycanın müasir tarixinin möhtəşəm şəxsiyyətlərindən biri olan İlyas İsmayılov haqq dünyasına qovuşdu.
Bu itki xalqımız, cəmiyyətimiz üçün ağır olduğu kimi mənim üçün şəxsi baxımdan da təsirli oldu.
İlyas müəllim uzun illər müxtəlif hüquq mühafizə orqanlarına ləyaqətlə rəhbərlik edib. Yüzlərlə peşəkar hüquqşünasın yetişməsinə, həyatda öz yerini tapmasına, hüquqşünas peşəsini sevməsinə kömək edib, örnək olub. O praktik peşəkar fəaliyyətlə yanaşı hüquq elmi sahəsində dərin tədqiqatlar aparmış, hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.
Birlikdə işlədiyimiz müddətdə İlyas müəllimin ləyaqətli, savadlı, ədalətli olması ilə yanaşı insanlara, dövlətə, əməkdaşlara münasibəti həmişə mənə nümunə olmuşdu. Həddindən ciddi, sərt, səhvi bağışlamayan, eyni zamanda çox mülayim, həssas, qarşıdakına hörmətlə yanaşan bir rəhbər idi. İlyas İsmayılov işlədiyi bütün vəzifələrdə, SSRİ Baş Prokurorluğunda, Respublika Prokurorluğunda, Ədliyyə Nazirliyində ilk novbədə öz adını qoruyur, böyük bir xalqı təmsil etdiyini unutmurdu, öz ağayanalığı, alicənablığı ilə seçilirdi.
Yenicə formalaşan müstəqil dövlərimizin ədliyyə sisteminin qurulmasında, hüquq reformalarının aparılmasında, beynəlxalq əlaqələrin yaranmasında, dövlətimizin və ədliyyə sisteminin fəlsəfi, siyasi, huquqi əsaslarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. İlyas müəllim siyasi partiya rəhbəri və deputat kimi demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasına, dövlətin maraqlarının uca tutulmasına çalışmış, korrupsiyaya, qanunsuzluğa qarşı sərt mövqe göstərmişdir. İlyas İsmayılov kimi rəhbərin, alimin, hüquqşunasın, ləyaqətli insanın xatirəsi həmişə əziz tutulacaqdır. Allah rəhmət eləsin!
Aydın Kərimov