Sahib Məmmədov: “İctimai iştirakçılığın gücləndirilməsi istiqamətində səmərəli müzakirələr aparıldı”
"14 may tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevlə görüşümüz oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yeni tərkibi ilə keçirilən bu görüş olduqca maraqlı və məhsuldar keçdi".
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, görüş zamanı Tural Əliyev ictimai şuraların əhəmiyyətindən, mövcud problemlərdən danışdı. O, həmçinin vurğuladı ki, ictimai iştirakçılıqla bağlı, eləcə də qanunvericilik sahəsində hər hansı təkliflər varsa, biz onları təqdim edə bilərik:
"Ümumilikdə, işin daha səmərəli qurulması, vətəndaş cəmiyyəti və vətəndaşlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində ictimai şuraların rolunun artırılması üçün görülə biləcək işlər haqqında da fikirlər səsləndirildi. Biz – İctimai Şura üzvləri də çıxış edərək müxtəlif məsələləri qaldırdıq, təkliflərimizi bildirdik və səmərəli müzakirələr apardıq. Hesab edirəm ki, bu çox maraqlı və faydalı bir görüş oldu və onun nəticələrinin olacağına ümid edirəm".
Pərvanə Fərhadqızı
QHT.az