Azərbaycanda qəbir yerlərinin satışı problemi canlı yayımda müzakirə olundu - FOTOLAR / VİDEO
Azərbaycanda qanunla qadağan edilməsinə baxmayaraq, bəzi qəbiristanlıqlarda vətəndaşlardan məzar yerləri üçün 500 manatdan 5 min manata qədər vəsait tələb olunduğu iddia edilir.
QHT.az xəbər verir ki, bu barədə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, sosial sahələr üzrə ekspert İlqar Hüseynli sosial şəbəkədə paylaşım edib və bu halı açıq şəkildə korrupsiya adlandırıb. Problemin mümkün həlli yollarını İTV-nin “Sabaha saxlamayaq” verilişində canlı yayımda müzakirə edib. İlqar Hüseynli qeyd edib ki, bu, çox ciddi sosial problemdir və onun hüquqi yollarla qarşısının alınması zəruridir:
"Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarına əsasən, qəbiristanlıqların salınması və planlaşdırılması ilə bağlı xüsusi qaydalar müəyyən edilib. Həmin qərarda açıq şəkildə göstərilir ki, vəfat etmiş şəxs üçün 5 kvadrat metr ərazi pulsuz ayrılmalı və bu sahə alqı-satqı predmeti ola bilməz. Vətəndaşlarımız məyusdurlar, çünki onlar bilmirlər ki, vəfat edən yaxınlarının dərdini yaşasınlar, yoxsa onlar üçün qəbir yeri tapıb, yas mərasimi təşkil etsinlər. Ciddi əsas olmadan vətəndaşlardan maddi vəsait tələb olunur. Qəbiristanlıqlarda yerlər kateqoriyalara ayrılır və bu da qiymət fərqlərinə səbəb olur. Mənim apardığım müşahidələrə görə, Bakı ətrafında qəbir yerlərinin qiymətləri dəyişir və mərkəzdən uzaqlaşdıqca azalır. Təbii ki, kənd ərazilərində qəbiristanlıqlar adətən pulsuzdur. Lakin elə kəndlər də var ki, orada belə yerlərlə bağlı heç bir problem yaşanmır".
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı