Afrikanın 37 ölkəsindən 350-dən çox nümayəndənin iştirakı ilə Seneqalın Dakar şəhərində keçirilən qeyri-hökumət təşkilatlarının forumunda insan hüquqlarının müdafiəsi, su ehtiyatlarından ədalətli istifadə və dövlət qurumlarının hesabatlılığının artırılması məsələləri müzakirə olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, oktyabrın 8-dən 10-dək Afrika İnsan və Xalqların Hüquqları Komissiyasının 89-cu sessiyası çərçivəsində baş tutub. Tədbirdə hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, hüquqşünaslar və beynəlxalq tərəfdaşlar iştirak ediblər.
Müzakirələrdə Afrikada vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması, silahlı münaqişələrin mülki əhaliyə təsiri, iqlim dəyişiklikləri, gender əsaslı zorakılıq və ayrı-seçkilik kimi problemlərə diqqət yetirilib.
İştirakçılar təhlükəsiz içməli suya və sanitariya xidmətlərinə çıxışın əsas insan hüquqları məsələsi kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, su qıtlığı xüsusilə qadınlara, qızlara, məcburi köçkünlərə və digər həssas qruplara ciddi təsir göstərir.
Forumda korrupsiyanın və dövlət vəsaitlərinin səmərəsiz idarə olunmasının əhalinin əsas xidmətlərə çıxışını çətinləşdirdiyi də bildirilib. Bu problemlərlə mübarizə üçün şəffaflığın artırılması, hüquqi mexanizmlərin gücləndirilməsi və dövlət qurumlarının məsuliyyətinin təmin edilməsi təklif olunub.
Bundan başqa, insan hüquqları müdafiəçilərinin təzyiq, təhdid və təqiblərdən qorunması, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və regional əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Forumun yekununda insan hüquqlarının müdafiəsi, ekoloji ədalət, su və sanitariya xidmətlərinə bərabər çıxış, eləcə də vətəndaş cəmiyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr hazırlanıb.












