Norveçin Məlumatların Mühafizəsi İdarəsi şəxsi məlumatları icazəsiz paylaşdığına görə ABŞ-ın texnologiya nəhəngi Microsoft-un reklam platforması Xandr-ə 12 milyon avro məbləğində cərimə tətbiq edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, qərara əsasən, Xandr həssas şəxsi məlumatları müvafiq icazə olmadan paylaşıb. Norveçin Məlumatların Mühafizəsi İdarəsinin direktoru Line Coll pozuntuların son dərəcə ciddi olduğunu bildirib.

Onun sözlərinə görə, Xandr-ə tətbiq edilən cərimə qurumun indiyədək verdiyi ən yüksək cərimədir. Pozuntular nəticəsində Norveçdə minlərlə istifadəçinin zərər gördüyü, onların şəxsi məlumatlarının qanunsuz istifadəyə məruz qaldığı qeyd olunub.

Norveçin NRK telekanalının məlumatına görə, Microsoft nümayəndəsi istifadəçilərin məxfiliyinin şirkət üçün vacib olduğunu bildirib. O, sözügedən pozuntuların Microsoft-un Xandr-i satın almasından əvvəl baş vermiş ola biləcəyini deyib.

Şirkət nümayəndəsi qərarla bağlı araşdırma apardıqlarını da vurğulayıb.